Hazırda bəşəriyyətin bəlkə də hər zamankından daha çox sülhə, əmin-amanlığa ehtiyacı var. Bu il 140 illiyini qeyd etdiyimiz dahi şair-dramaturq Hüseyn Cavid (1882-1941) bütün yaradıcılığında bəşəriyyəti əmin-amanlığa, birliyə çağırıb, dünyanın xilasının sevgiyə, mədəniyyətə bağlı olduğunu irəli sürüb. Müəllifin “Peyğəmbər” dramındakı “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü” misraları insanlıq var olduqca öz aktuallığını qoruyacaq...

Bu günlərdə mədəniyyəti qılıncdan daha kəskin, daha təsirli hesab edən ədibin Bakıdakı ev-muzeyində olduq. Şəxsiyyəti yaradıcılığı ilə düz mütənasib olan sənətkarın estetik zövqü və dünyagörüşü barədə müəyyən bilgi verən eksponatlarla tanışlıq bizdə unudulmaz duyğular yaratdı.

Muzeyin girişində Xalq rəssamı, heykəltəraş Ömər Eldarovun hazırladığı və əsli paytaxtımızın Hüseyn Cavid prospektində ucalan möhtəşəm “Cavid abidəsi”nin gips maketi ilə qarşılaşırıq. Abidənin qoyulduğu hissə ilə üzbəüz divarda “Cavid planeti” adlı lövhə asılıb. Lövhənin yanında verilmiş mətndə qeyd olunur ki, Beynəlxalq Astronomiya İttifaqı 1997-ci il iyunun 20-də Ukrayna alimi Nikolay Çernıxın kəşf etdiyi 6262 nömrəli kiçik planetə Cavidin adını verib.

Hüseyn Cavidin Ev-Muzeyinin baş direktoru, filologiya üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı ilə həmsöhbət oluruq. Muzey haqqında məlumat verən direktor bildirir ki, bir zamanlar Cavid ailəsinin yaşadığı mənzilin yerləşdiyi bina Hacı Zeynalabdin Tağıyevin himayəsi ilə 1898-1901-ci illərdə tikilib. Qızlar gimnaziyası üçün tikilsə də, binanın birinci və ikinci mərtəbələri 1920-1930-cu illərdə “Darülmüəllimin gimnaziyası” (oğlanlar üçün pedaqoji məktəb) kimi fəaliyyət göstərib. Həmin məktəbin müəllimlərinə binanın üçüncü mərtəbəsində qalmaq üçün yer verilib. Cavid də həmin məktəbdə dərs dediyi üçün ailəsi ilə birlikdə 1920-1937-ci illərdə bu binada yaşayıb. Nazirlər Kabinetinin 10 iyul 1995-ci il tarixli qərarı ilə Hüseyn Cavidin Ev-Muzeyi yaradılıb.

Direktor vurğulayır ki, mədəniyyət ocağı uzun müddət AMEA-nın tərkibində həm muzey, həm də elmi tədqiqat mərkəzi kimi fəaliyyət göstərib: “Bir müddət öncə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Hüseyn Cavidin Ev-Muzeyi AMEA-nın balansından çıxarılaraq Mədəniyyət Nazirliyinin tabeliyinə verildi. Mədəniyyət naziri cənab Anar Kərimov muzeyimizdə olarkən elmi fəaliyyətimizlə tanış oldu və muzeyin elmi statusunun saxlanılacağını bildirdi. Bu, bizi çox sevindirir. Biz yenə də muzeyin fəaliyyətini elmi səviyyədə davam etdirəcəyik”.

 

“Dünya qoca bir səhnə demək...”

 

Gülbəniz xanımla söhbətimizi yekunlaşdırıb muzeyin eksponatları ilə tanış oluruq. Bələdçimiz, muzeyin fond müdiri Cəmilə Rzayeva eksponatlar haqqında məlumat verir. Deyir ki, muzeydə qorunan 12 minə yaxın eksponatın 700-ü nümayiş olunur. Bunların içərisində ədibin əlyazmaları, Cavidlər ailəsinə məxsus məişət və geyim əşyaları, Hüseyn Cavidin müxtəlif illərdə çap olunmuş əsərləri, şəxsi kitabları, ailə fotoları, dram əsərlərinin tamaşalarından proqram, afişa və fotolar, Ərtoğrol Cavidin istifadə etdiyi kitablar, bəstələdiyi musiqi əsərlərinin notları, Turan Cavidin fəaliyyəti ilə bağlı materiallar və s. var. Hüseyn Cavidin yazı masası, əsası, Mişkinaz xanıma məxsus tikiş maşını, radioqəbuledici, ailənin yemək masası və bir çox eksponatlar ekspozisiyada əsas yer tutur.

Muzeyin giriş otağında sanki səhnəni xatırladan yarımaçıq pərdələrlə dekor edilmiş lövhədə Cavidin pyeslərinin məşhur xəttat Seyfəddin Məmmədvəliyev tərəfindən qoz ağacından qabartma və oyma üsulu ilə adları yazılıb. Və belə bir başlıq verilib: “Dünya qoca bir səhnə demək”.

Pyeslərin adlarının aşağısında divarboyu Azərbaycan səhnəsinin müxtəlif aktyor nəsillərinin canlandırdığı Cavid qəhrəmanlarını əks etdirən şəkillər sıralanıb.

 

Daim 23:20-ni göstərən saat...

 

Cavid ruhlu muzeyin növbəti otağına doğru addımlayırıq. Ekspozisiyalar içərisində ilk olaraq yemək masası diqqətimizi çəkir. Bələdçimizdən öyrənirik ki, şair masanın siyirmələrində əlyazmalarını saxlayırmış. 1937-ci ilin 4 iyun gecəsində Cavidin evinə girib axtarış aparan qalstuklu qatillərin süfrənin altında siyirtmə ola biləcəyi ağıllarına gəlməyib və bu xoş təsadüf nəticəsində ədibin əlyazmalarının bir qismi beləcə xilas olub. Cavid evindən həmin gecə aparılıb, iki il Bayıl və Keşlə həbsxanasında saxlanılıb. 1939-cu ildə isə Sibirə sürgün edilib. Uzun illərin mənəvi-psixoloji təzyiqlərindən sonra səhhətində problem yaranan şair 1941-ci il dekabrın 5-də İrkutsk vilayəti Tayşet rayonunun Şevçenko qəsəbəsində vəfat edib. Hüseyn Cavid gecə evdən aparıldığı zaman yataq otaqlarında olan saat həyat yoldaşı Mişkinaz xanım tərəfindən elə həmin vaxtda – 23:20-də dayandırılıb. Ailənin xoşbəxtlik və səadəti də elə o saatla birlikdə dayanıb...

Bu məqamda Mişkinaz Cavidin divardan asılan portreti diqqətimizi çəkir. Xalq rəssamı Oqtay Sadıqzadə tərəfindən 1992-ci ildə yağlı boya ilə çəkilmiş əsərdə kədərli gözlər acı taledən, nisgildən soraq verir. Portretin altında isə dahi şairin xanımına yazdığı kiçik məktublar və Mişkinaz xanımın Cavidlə bağlı xatirələrindən bir parça verilib: “Biz 1918-ci ilin avqust ayında evləndik. Çox kiçik, xudmani toy məclisi oldu. Toydan bir-iki gün sonra Cavid mənə dedi ki, axı mən hərdənbir cızma-qara edirəm, gərək mənim ilk oxucularımdan biri də sən olasan. Mən onun oxucusu ola bilməzdim, çünki savadım yox idi. Cavid mənə dərs deməyə başladı...”.

Muzeydə ailənin hər bir üzvünün təsvir edildiyi süjetli xalçalar və mərmər büstlər var. Xalçaların müəllifi xalçaçı-rəssam Afaq Kərimova, büstlərin müəllifi isə Xalq rəssamı Ömər Eldarovdur.

Mişkinaz xanıma məxsus tikiş maşını muzeyin maraqlı eksponatlarındandır. Bu alət ağır illərdə ailənin dadına çatıb. O dönəmdə Mişkinaz xanımın dərzi kimi fəaliyyət göstərməsi sayəsində ailə öz dolanışığını təmin edib. Qanlı-qadalı illərdə onu işlədiyi fabrikdən çıxarırlar. Lakin ev şəraitində də olsa, paltar tikməyə davam edir.

Ailənin şəxsi əşyalarının qorunduğu şkafda Mişkinaz xanımla Cavidin üzükləri, şairin tez-tez istifadə etdiyi geyimləri, eynəyi, dərmanları və ətirlər saxlanılır.

 

“Faciə otağı”

 

İndi isə digər otağa keçirik. Bələdçinin məlumatından duruxuram: “faciə otağı”! Bura vaxtilə ailənin yataq otağı olub. Hüseyn Cavid taleyinin faciəsinin məhz bu otaqdan başladığı üçün qızı Turan Cavid bu məkanı “faciə otağı” adlandırıb. Otağın divarında Xalq rəssamı Oqtay Sadıqzadə tərəfindən çəkilmiş “Qara yazı” adlı tablo asılıb. Repressiyaya məruz qalmış Azərbaycanın ziyalı və sənət adamları – Hüseyn Cavid, Pənah Qasımov, Abbas Mirzə Şərifzadə, İdris Axundzadə, Mikayıl Müşfiq, Seyid Hüseyn, Yusif Vəzir Çəmənzəminli, Əhməd Cavad. Onlar repressiya zamanı qeydiyyata alındıqları sıra nömrələri ilə təsvir olunublar.

Daha bir rəsm əsəri – “Zordan üstün”. Mərhum karikaturaçı rəssam Vaqif Ucatayın bu əsəri həm Hüseyn Cavidə, həm də Azərbaycanın digər repressiya qurbanlarının xatirəsinə rekviyem kimi qəbul olunur.

Şairin iş masasına yaxınlaşırıq. Üzərində müəllifin əlyazması ilə “Azər” poemasından bir hissə yer alıb. Stulun yanındakı əsa, mürəkkəbqabı və qələm bir əsrə yaxındır ki, Cavidsiz qalıb...

1982-ci ildə Cavidin 100 illik yubileyi ilə əlaqədar ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyləri ilə şairin nəşi Sibirdən Vətənə gətirilib. Şairlə vida mərasimi keçirildikdən sonra doğulduğu Naxçıvana aparılıb. Divarda Cavidin cənazəsinin Sibirdən Bakıya, buradan isə Naxçıvana aparılmasını əks etdirən fotolar və həbs edilən zaman çəkilmiş şəkilləri, eləcə də əl izlərini əks etdirən sənəd asılıb.

Cavidin şəxsi əşyalarının qorunduğu vitrində 2 pensne (gözlük), cib saatı və Sibirdə məzarından götürülmüş bir ovuc torpaq nümayiş olunur.

Muzeydə dahi şairin tək oğul yadigarı, şair, rəssam, musiqiçi Ərtoğrol Cavidə (1919-1943) aid eksponatlar da qorunur. Ərtoğrol əsgərlikdə olarkən öz sevimli müəllimi Üzeyir Hacıbəyliyə yazırdı: “Hörmətli müəllimim Üzeyir bəy. Mən buradan anam və bacıma heç cür kömək edə bilmirəm. Ailəmiz başsız qalıb. Ailənin maddi ehtiyaclarını qarşılamaq üçün sizdən xahiş edirəm ki, bacım Turan Cavidi işlə təmin edəsiniz”. Məktubu oxuduqdan qısa müddət sonra Üzeyir Hacıbəyli Turan Cavidi radioda işlə təmin edir...

Ərtoğrol 24 yaşında ağır xəstəlikdən vəfat edib. Onun əsərləri və yarımçıq əlyazmaları muzey tərəfindən kitab halında çap etdirilib, əsərlərindən ibarət disk buraxılıb.

 

“Son yay”

 

Muzeyin ən maraqlı guşələrindən biri də hazırda Hüseyn Cavid ailəsinin eksponatlarının sərgiləndiyi Pedaqoji məktəbin direktoru, repressiya qurbanı Pənah Qasımovun (1881-1939) otağıdır. Bu otaqda Ərtoğrol Cavidə aid olan masa muzeyə gələn hər kəsin diqqətini xüsusilə cəlb edir. Masada vallar, musiqi ilə, şahmatla bağlı kitablar, lüğətlər, Ərtoğrolun əlyazmaları, dama və şahmat taxtaları, portfeli və s. nümayiş olunur. Otaqda həmçinin Mişkinaz xanımın mətbəx əşyaları da sərgilənir. Həmin əşyalarla tanışlıq zamanı bələdçimiz maraqlı bir əhvalat danışır: “Cavid əfəndinin ayaqqabılarından biri cırılır. Mişkinaz xanım ayaqqabını yamatdırmaq üçün ustanın yanına aparır. Bu zaman görür ki, nakam şairimiz Mikayıl Müşfiq də öz ayaqqabısını yamatdırmağa gətirib. Daha sonra M.Müşfiq Cavid əfəndi ilə görüşəndə deyib ki, ayaqqabımı yamatdırmağa gedəndə Mişkinaz xanımı gördüm. Ondan utandığım üçün ayaqqabımı gizlətdim. Cavid isə Müşfiqə belə cavab verib: “İnsanın alnı yamaqlı olmasın. Ayaqqabısı yamaqlı olsa da olar. Sən buna görə narahat olma...”.

Divardan tanınmış rəssam Ənvər Əliyev tərəfindən işlənmiş çox maraqlı bir tablo da asılıb. “İblis” faciəsinin tamaşaya hazırlıq prosesində Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Hənəfi Terequlov, Ərtoğrol Cavid, Pənah Qasımov və Müslüm Maqomayev (baba) təsvir olunublar. Xalq rəssamı Altay Hacıyevin işlədiyi “Son yay” adlı tabloda isə H.Cavid, M.Müşfiq, Ə.Cavad, R.Rza, Ə.Məmmədxanlı və onun bacıları Arifə ilə Həbibə Məmmədxanlılar yer alıb.

Cavidlər ocağı ilə tanışlığımız başa çatır. Ancaq heç ayrılmaq istəmirik, daha doğrusu, ayrılmaq çətinləşir. Çünki qalib şairin ruhunun dolaşdığı bu məkanın ayrı bir cazibəsi var. Cavidin dövrü çox amansız olsa da, şairin ömrünü yarıda kəssə də, yaratdığı bənzərsiz əsərlər onu əbədi qalib edib.

Nurəddin Məmmədli