Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyi münasibətilə “Fikrət Əmirov adlı musiqi bulağı” konserti təşkil olunub.

Məktəbin nəzəriyyə ixtisası üzrə müəllimi, musiqişünas Nərgiz Kərimova bəstəkarın həyat və yaradıcılığından danışıb.

Konsert proqramında Fikrət Əmirovun “Reyhan“ mahnısı, “Kor ərəbin mahnısı”, “Sevgi rəqsi”, “Sevil” operasından Sevilin ariyası, “Min bir gecə” baletindən fraqmentlər, “Azərbaycan elləri”, “Laylay”, “Xatirə”, “Baharımsan” kimi əsrarəngiz əsərlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsert boyunca Fikrət Əmirovla bağlı hazırlanmış videoslaydlar da nümayiş etdirilib.

Tədbirin fəxri qonaqları olan bəstəkarın qızı Sevil Əmirova həyat yoldaşı ilə birlikdə təəssüratlarını tamaşaçılarla bölüşüb və konsert proqramının təşkilinə görə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin heyətinə təşəkkürlərini bildiriblər.

Sonda Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist Əziz Qarayusifli tədbirin təşkilatçı və iştirakçılarına təşəkkür edib.