17 noyabr ölkəmizdə Milli Dirçəliş Günüdür. 1988-ci il noyabrın 17-də Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına etiraz olaraq Bakıda mitinqlər başlayıb. Fasiləsiz mitinqlər eyni zamanda ölkədə müstəqilliyə aparan xalq hərəkatına təkan verib. 1992-ci ildə 17 noyabr tarixi Milli Dirçəliş Günü elan edilib. Əlamətdar gün münasibətilə bölgələrdəki mədəniyyət müəssisələrində bir sıra tədbirlər keçirilib.

Biləsuvar RMİ Cəbrayıl rayon Mədəniyyət evinin Qalacıq, Şıxlar və Hovuslu kənd klubları “Azadlığa gedən yol” başlığı altında tədbir təşkil ediblər.

***

Masallı RMİ Cəlilabad rayon Şabanlı kənd Mədəniyyət evində Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib. Mədəniyyət evinin direktoru Cəmil Əzizov çıxış edərək əlamətdar günün tarixi haqqında məlumat verib.

***

Şəki RMİ Zaqatala rayon Mədəniyyət Mərkəzinin tabeliyindəki Car kənd Mədəniyyət evində “Dirçəlişin mübarək, Azərbaycan!” başlığı altında tədbir keçirilib. Tədbir torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edənlər ölkəmizin müstəqilliyinə gedən yoldan danışıblar.

***

Ağstafa RMİ Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “Birliyimizin sübut günü” adlı tədbir keçirilib. Baş kitabxanaçı Rahidə Kazımova şagirdlərə Milli Dirçəliş Günü və Azərbaycanın müstəqillik tarixi haqqında ətraflı məlumat verib.

Tovuz rayon Qovlar şəhər Uşaq musiqi məktəbində “Azadlıq üçün ayağa qalxan xalq” adlı tədbir təşkil olunub. Çıxışlarda qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandığı zaman xalqımız ayağa qalxaraq erməni separatizminin önünü kəsmək üçün meydanlara axışıb.

***

Ağcabədi Regional Mədəniyyət İdarəsi (RMİ) Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Milli Dirçəliş Günü münasibətilə tədbir təşkil olunub. Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova, mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva və digərləri çıxış edib, əlamətdar günün tarixi və əhəmiyyəti barədə söz açıblar.

***

Gəncə RMİ Gəncə şəhər Mədəniyyət Mərkəzində Milli Dirçəliş Günü ilə əlaqədar keçirilən tədbirdə bildirilib ki, bu gün ulu öndər Heydər Əliyevin dövlətçilik yolu ilə inamla irəliləyən Azərbaycan Prezident İlham Əliyevin liderliyində yeni uğurlara doğru gedir.

Samux rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Dirçəliş Günün mübarək, Azərbaycan!” başlığı altında tədbir təşkil edib. Mövzu ilə bağlı videoçarxlar nümayiş olunub, şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

***

Sabirabad RMİ Şirvan Dövlət Rəsm Qalereyası və Gənclərin İnkişaf və Karyera Mərkəzi Şirvan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Milli oyanış və milli birlik günü” adlı sərgi keçirilib. Sərgidə Şirvan şəhərində yaşayan həvəskar gənclərin əl işləri nümayiş olunub.

Nurədin Məmmədli