2026-cı ilədək dövrü əhatə edən Dövlət Proqramında mədəniyyət və mədəni irslə bağlı tədbirlər planı da nəzərdə tutulub

 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı (2022-2026-cı illər) təsdiq edilib. Prezident İlham Əliyev noyabrın 16-da bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası 2020-ci ilin 44 günlük Vətən müharibəsində öz torpaqlarını azad etməklə tarixi inkişafının yeni mərhələsinə qədəm qoyub. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb.

Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” (Prezidentin 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiq olunub) yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

Qeyd olunur ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı sözügedən Strategiyanın icrasını təmin etmək məqsədilə hazırlanıb.

Sərəncamda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahına Dövlət Proqramının səmərəli icrasının təmin edilməsi məqsədilə zəruri tədbirlər görmək tapşırılıb.

Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və hesabatlılığı həyata keçirmək, görülən işlər, o cümlədən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Qeyd edək ki, Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, məqsədlər və onlara uyğun hədəf göstəriciləri, prioritet istiqamətlər, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər əksini tapıb. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb.

Prezidentin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə təsdiq edilmiş iqtisadi rayonların yeni bölgüsünə uyğun olaraq Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir.

Dövlət Proqramının Tədbirlər Planı (2022–2026-cı illər) 6 prioritet istiqaməti əhatə edir. Hər prioritet üzrə müvafiq fəaliyyət istiqamətləri nəzərdə tutulub.

2-ci prioritet istiqamət – “Ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini” üzrə fəaliyyət istiqamətlərindən biri azad edilmiş ərazilərdə mədəniyyət tədbirlərinin keçirilməsi və mədəni irs obyektlərinin bərpası ilə bağlıdır. Bu fəaliyyət istiqamətinin əsas icraçı qurumu Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyidir.