Azərbaycan Milli Xalça Muzeyinin yubileyi qeyd olundu

 

Bu il Azərbaycan Milli Xalça Muzeyi 55 yaşını qeyd edir. Noyabrın 17-də çoxəsrlik xalça sənətimizə aid nümunələrin saxlanc yeri və təbliğat mərkəzi sayılan muzeyin yubileyinə həsr olunan tədbir keçirildi.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova mədəniyyət ocağının yaranma tarixindən, fonda daxil olan yeni eksponatlar barədə məlumat verdi. Bildirdi ki, yubiley tədbiri Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salındığı, həmçinin görkəmli alim, xalçaçı-rəssam, Xalça Muzeyinin yaradıcısı Lətif Kərimovun doğum günündə keçirilir. “Bu gün həm də onunla əlamətdardır ki, “Pasha Holding”in maliyyə dəstəyi ilə əldə olunan Qarabağa aid bədii tikmə nümunəsi muzeyin fonduna daxil edilir. Bu nümunə quruluşu, rəng ahəngdarlığı və s. cəhətdən Azərbaycan tikmələrini fərqləndirən bütün əsas xüsusiyyətləri özündə əks etdirir. XVI əsrə aid bu cür kompozisiyalı tikmələr Səfəvi Dövlətinin saray emalatxanalarında hazırlanır və dövrün yüksək dəyərli dekorativ-tətbiqi sənət əsəri sayılırdı. XVII-XVIII əsrlərdə bu tikmələrə olan böyük tələbat nəzərə alınaraq Bərdə, Naxçıvan, Şamaxı kimi bir çox şəhərlərin emalatxanalarında onlardan bəhrələnməklə yeni nümunələr yaradılıb”, – deyə direktor bildirdi.

Şirin Məlikova muzeyin öz hesabına “Bonhams” hərrac evindən aldığı qızıl sırğaların da təqdim olunduğunu diqqətə çatdırdı. Dedi ki, sırğalar mina və basmaqəlib texnikasında Təbrizdə hazırlanıb. Öz dövründə çox məşhur olan, ayrı-ayrı müstəqil elementlərdən ibarət çoxhissəli bu növ sırğalardan varlı və dəbli xanımlar istifadə edib. 

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva muzeyin kollektivini əlamətdar yubiley münasibətilə təbrik etdi. Bildirdi ki, bu gün Azərbaycan xalçası elmi baxımdan tədqiq edilir, həmçinin xalçalarımızın sorağı dünyanın məşhur muzeylərindən gəlir. Xalçaçılıq sənəti Azərbaycan xalqının yaradıcılıq irsinin ən parlaq nümunələrindəndir və ən qiymətli maddi mədəni sərvətidir. Azərbaycan xalça sənəti özündə xalqın estetik dünyagörüşünü, bədii istedadını əks etdirir. Ölkəmizdə xalça sənətinin inkişaf etdirilməsi və qorunmasına dövlət tərəfindən xüsusi diqqət göstərilir.

Sevda Məmmədəliyeva yubiley münasibətilə muzeyin bir qrup əməkdaşının mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə fəxri fərmanla təltif edildiyini diqqətə çatdırdı, kollektivə gələcək fəaliyyətində uğurlar arzuladı.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva xalçada tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, zövqümüz və düşüncəmizin əks olunduğunu deyərək  bu sahənin inkişafının əhəmiyyətindən söz açdı. Müstəqillik dövründə bu sahəyə dövlətin diqqət və qayğısından danışan millət vəkili muzeyin əməkdaşlarını və bu sahədə çalışan insanları təbrik etdi. 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və “Pasha Holding”in şöbə müdiri Nazim Səfərov da çıxış edərək muzeyin əməkdaşlarına yubiley münasibətilə təbriklərini çatdırdılar.

Daha sonra qonaqlar muzeyin kolleksiyasına yeni daxil olan eksponatlarla tanış oldular. 

Qonaqlar sonda yubileyə həsr edilən lotereyada iştirak edərək xalça sənətinə dair müxtəlif suvenirlər qazandılar.

Lalə Azəri