Prezidentlər münasibətlərimizin bütün spektrini müəyyən edir. Əlbəttə, bütün müvafiq strukturlar da bu istiqamətdə fəaliyyət göstərir. Biz çox şadıq ki, qarşılıqlı ticarətin həcmi pandemiyadan əvvəlki səviyyəyə çatır və əminəm ki, bu dinamizm qorunub saxlanacaq.

Prezident İlham Əliyev bu sözləri noyabrın 18-də Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşdə deyib.

Prezident ikitərəfli əlaqələrə dair son statistik məlumatlardakı müsbət tendensiyadan bəhs edərək bildirib ki, hazırda Rusiya və Azərbaycan arasında həftədə 130-dan çox aviareys var, Rusiyadan turist axını da artır: “Biz hələ pandemiyadan əvvəlki səviyyəyə çatmamışıq, lakin fikrimcə, çatacağıq. Ölkələrimiz arasında sıx dostluq əlaqələrini, bu il Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti barədə Bəyannamə imzalanmasını və il ərzində münasibətlərimizin müttəfiqlik xarakterini dəfələrlə nümayiş etdirməyimizi, iqtisadi-ticari əməkdaşlığın gündəliyini xeyli genişləndirmək niyyətində olmağımızı nəzərə alaraq, düşünürəm ki, reyslərin sayı da artacaq. Bilirəm ki, dünən regionlararası forum uğurla keçib. Bu da bizim ikitərəfli qarşılıqlı fəaliyyətimizin mühüm elementidir. Biz Rusiya Federasiyasının təqribən 80 subyekti ilə sıx əlaqə saxlayırıq... Biz 7 yol xəritəsi üzrə fəal iş aparırıq. Əminəm ki, ilin sonuna bu cür yaxşı göstəricilərlə yaxınlaşaraq növbəti ilə də belə dinamizm verəcəyik”.

Mixail Mişustin Bakıya Rusiyanın dörd regionunun rəhbərinin də daxil olduğu böyük nümayəndə heyəti ilə gəldiklərini diqqətə çatdıraraq qeyd edib ki, 17 noyabrda keçirilən 11-ci regionlararası forumda qarşılıqlı münasibətlərin gündəliyindəki məsələlərin hamısına toxunulub. Danışıqların yekunlarına əsasən, ən müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair bir sıra sazişlər imzalanıb. 

Azərbaycanla mədəni-humanitar əlaqələrə ənənəvi olaraq xüsusi əhəmiyyət verdiklərini deyən Rusiya Federasiyası Hökumətinin sədri bildirib ki, bu il iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş silsilə tədbirlər keçirilib: “Gələn il isə biz görkəmli sovet və Azərbaycan dövlət xadimi, Sizin atanız Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyini qeyd edəcəyik. Bakıda bizim institutların – Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Rusiyada da Azərbaycandan olan on bir mindən çox tələbə təhsil alır. İnsanlar arasında birbaşa əlaqələrin bu cür inkişafı, zəngin tarix, mədəniyyət və ənənələrlə tanışlıq bizim qarşılıqlı münasibətlərimizi möhkəmləndirəcək”.