Vətən müharibəsi şəhidi Elşən Əhmədlinin şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə əlaqədar Şəki RMİ-nin Oğuz rayonu üzrə nümayəndəsi Elvin Qarayev və rayonun mədəni-maarif müəssisələrinin rəhbərləri Oğuz şəhərindəki Şəhidlər xiyabanına gələrək onun, həmçinin burada uyuyan digər şəhidlərin məzarlarını ziyarət edib, xatirələrini ehtiramla yad ediblər.

***

Kürdəmir RMİ Beyləqan rayon Heydər Əliyev Mərkəzində “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” adlı tədbir keçirilib. Çıxışlarda Qarabağın, o cümlədən Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan söz açılıb. Sonda dərnək üzvlərinin ifasında Şuşanı vəsf edən mahnılar və vətənpərvərlik ruhunda kompozisiyalar təqdim edilib.

***

Lənkəran RMİ-nin rəisi Şahin Şahbazov və idarənin tabeliyində fəaliyyət göstərən Lənkəran Uşaq Rəssamlıq Məktəbinin müəllim və şagirdləri Vətən müharibəsi şəhidi Rəşad Məmmədovun doğum günü ilə əlaqədar ailəsini ziyarət ediblər. Görüşdə şəhidin Rəssamlıq məktəbində təhsil almasından, Vətən müharibəsində  göstərdiyi şücaətdən danışılıb. Sonda rəssam Tərlan Sadıqovun çəkdiyi şəhid Rəşid Məmmədovun portreti ailəsinə təqdim edilib.

Lənkəran rayonunun Viravul kəndində Dövlət Sərhəd Xidmətinin şəhid polkovniki Emil Nəzirovun xatirəsinə tikilən bulaq kompleksinin açılışı olub. Açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı olan polkovnik Emil Nəzirov DSX-nin hərbi helikopterinin ötən il noyabrın 30-da Xızı rayonu ərazisində “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində şəhid olub və II Şəhidlər xiyabanında dəfn edilib.

***

Masallı RMİ-nin Cəlilabad rayon üzrə nümayəndəsi Elnur Atakişiyev və rayon Mədəniyyət Mərkəzinin əməkdaşları Vətən müharibəsinin şəhid kapitanı Rəşad Abdullayevin ailəsinə baş çəkiblər.

***

Gəncə RMİ Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxanası “Vətən müharibəsi ədəbiyyatda” adlı kitab sərgisi təşkil edib.

***

Sumqayıt RMİ və “Şəhid Analarına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində bəstəkar Lalə Şirinin 44 günlük Vətən müharibəsi igidlərinə həsr olunmuş “Qəhrəmanlıq elegiyası” klipinin təqdimatı keçirilib. Şəhid ailələrinin iştirak etdiyi tədbirdə klipin nümayişindən sonra çıxışlar dinlənilib. Bədii hissədə şəhid və qazi övladlarından ibarət “Əmanət” xor kollektivi, ifaçılar Nizami Quliyev və Polad Quliyev vətənpərvər ruhlu mahnılar səsləndiriblər. Klipin rejissor və montajçısı Teymur Bayramovdur.

Sumqayıt şəhər MKS-nin Mərkəzi Kitabxanası və M.Ə.Sabir adına kitabxana filialının əməkdaşları Vətən müharibəsi şəhidi Vüqar Məmmədovun ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıblar.

***

Ağstafa RMİ Ağstafa Tarix-Diyarşünaslıq Muzeyi, Ağstafa rayon Hüseyn Arifin Ev-Muzeyi və şəhər 1 saylı Folklor klubunun birgə təşəbbüsü ilə Vətən müharibəsi şəhidi Əliheydər Hüseynlinin xatirəsi anılıb.

Nurəddin Məmmədli