Noyabrın 23-də Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstərən S.Beqalin adına Uşaq Kitabxanası və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon MKS-nın Mərkəzi Kitabxanası Uşaq şöbəsinin oxucuları arasında “Qazaxıstan və Azərbaycan xalqlarının ənənələri” adlı onlayn dostluq viktorinası keçirilib.

Tədbirdə Səbail rayonu 189-190 saylı tam orta məktəbin 3d sinif şagirdləri və qazaxıstanlı məktəblilər Azərbaycan və qazax xalqlarının adət-ənənələri haqqında qarşılıqlı suallara cavab veriblər.

Azərbaycanlı şagirdlər görkəmli qazax şairi Abay Kunanbayevin “Qış” şeirini qazax dilində, Qazaxıstan məktəblilər isə Nizami Gəncəvinin “Payız yetişəndə” şeirini Azərbaycan dilində söyləyiblər.

Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət gimnaziyasının şagirdləri Muhəmməd Ələsgərov və Əli Muradzadə tar və kamançada Cavanşir Quliyevin “Əsgər marşı”nı ifa ediblər.

Sonra gimnaziyanın müəllimi Samirə Vəlibəyovanın quruluşunda şagirdlər Ayişə Mikayıllı, Zəhra İsgəndərova və İradə Rəsulzadə “Nəlbəki” rəqsini nümayiş etdiriblər.