Bu ilin iyul-avqust aylarında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq Milli Qurama Festivalı keçirilib.

Festivalın yekunu olaraq “Qurama” adlı kitab ərsəyə gətirilib. Azərbaycan və ingilis dillərində hazırlanan kitabın müəllifi “İçərişəhər” Muzey Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikovadır.

Noyabrın 22-də Şirvanşahlar Sarayı Kompleksində kitabın təqdimatı və festivala həsr olunmuş sərginin açılışı olub.

Mərasimdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQ) İdarə Heyətinin sədri Şahin Seyidzadə, kitabın ərsəyə gəlməsinə dəstək verən BP şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Milli Məclisin deputatı Soltan Məmmədov, məşhur fotojurnalist Reza Deqati  çıxış ediblər. Çıxışlarda qurama sənətinin tarixindən, bu sənət növünün təbliği istiqamətində görülən tədbirlərdən, festivalın əhəmiyyətindən bəhs olunub.

Əminə Məlikova kitab haqqında məlumat verib. Qeyd olunub ki, kitab ölkəmizdəki müxtəlif muzeylərin fondlarında, eləcə də şəxsi kolleksiyalarda saxlanılan qurama kompozisiyaları haqqında fotoşəkillər və məlumatlar əsasında hazırlanıb.

BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Azərbaycanın sənətkarlıq mədəniyyətində özünəməxsus yeri olan bu ecazkar milli sənət nümunəsinin təbliğinə dəstək olmaqdan məmnunuq. Qurama sənəti ölkənin bütün bölgələrində mövcuddur və bu sənət növü ilə əsrlər öncə məşğul olublar. Ümid edirik ki, bu gün təqdim olunan kitab və açılışını etdiyimiz sərgi Azərbaycanın mədəni irsinin bu qədim və rəngarəng bədii nümunəsinin daha geniş auditoriya tərəfindən öyrənilməsinə və araşdırılmasına kömək edəcək”.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.