Premyerası 2023-cü ilin mayına nəzərdə tutulan “Forsaj 10” filminin astronomik büdcəsi olacaq. Filmin istehsal büdcəsi 340 milyon dollara çatıb. Bunu layihəni maliyyələşdirən və onun yayılmasına cavabdeh olan “Universal” studiyasındakı mənbələr açıqlayıb.

Qeyd edək ki, 2021-ci ildə təqdim olunan “Forsaj 9”un büdcəsi 200 milyon dollar olub.  Məlumata görə, büdcədə bu qədər böyük artım bir sıra səbəblərlə, o cümlədən ekran əsərində çəkilən ulduzların qonorarlarının kəskin artması və ya qlobal inflyasiya nəticəsində istehsal xərclərinin ümumi artımı, həmçinin pandemiya dövründə tibbi təhlükəsizlik protokollarının tələbləri ilə bağlı ola bilər.

Xatırladaq ki, indiyədək ən bahalı filmlər siyahısında “Karib dənizinin quldurları 4: Qəribə sahillərdə” (379 milyon dollar), “Marvel Studios” istehsalı olan “Qisasçılar 2: Altron dövrü” (365 milyon dollar) və “Qisasçılar 4: Final” (356 milyon dollar) yer alır. “Forsaj 10” filmi isə bu reytinqdə hələlik dördüncüdür, lakin premyerayadək büdcənin artması da gözləniləndir.