Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı, Media Təhlil Mərkəzinin tərəfdaşlığı ilə noyabrın 24-də “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimatı keçirilib.

MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov açılış nitqində bildirib ki, “E-köşk” platforması vasitəsilə oxucular ölkədə baş verən yeniliklərdən daim xəbərdar olmaqla yanaşı, sərbəst şəkildə qəzet və jurnalların rəqəmsallaşdırılmış arxivindən faydalana bilərlər. Platforma ənənəvi çap mediasını hər kəs üçün daha əlçatan edir: “Həm çap mediası subyektlərinin, həm də oxucuların istifadəsinə verilən platforma qəzet və jurnalların abunə və satışının elektron formada həyata keçirilməsinə vasitəçilik etməklə əldə olunan gəlirin media subyektlərinin bank hesablarına köçürülməsini təmin edir. Qiymətlər subyektlərin özləri tərəfindən sərbəst şəkildə müəyyənləşdirilir. Əlbəttə ki, ilkin dövrlərdə öz məhsullarını oxucularına ödənişsiz təqdim etməklə platformadan istifadənin təşviqi də çap mediası subyektlərinin öz seçimidir və platforma bu yanaşmanı da dəstəkləyəcək”.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov media sahəsində həyata keçirilən islahatların tərkib hissəsi olaraq çap mediası məhsullarının abunə və satışının təşkilinə dəstək göstərilməsi, media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində tədbirlərin vacibliyini vurğulayıb.

Sonra “Rəqəmsal dövrdə ənənəvi çap mediası: müasir oxu vərdişləri və transformasiya perspektivləri” mövzusunda panel sessiya keçirilib.

Sessiyada çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid platformanın çap mediası subyektlərinin iqtisadi dayanıqlılığının artırılması, ənənəvi çap mediasının rəqəmsal mühitə uyğunlaşması istiqamətində əhəmiyyətli addım olduğunu qeyd edib.

“Mass Solution” şirkətinin dəstəyi ilə hazırlanan “E-köşk” platformasının istifadə təlimatı, artıq platformada hesab yaratmış redaksiyalara dair videoçarxlar nümayiş etdirilib.

Tədbir zamanı yaxın gələcəkdə Medianın İnkişafı Agentliyi, Media Təhlil Mərkəzi, “EDUAZ co” MMC və Anadolu Agentliyinin (Türkiyə) birgə əməkdaşlığı ilə “EDU.AZ” platforması üzərindən jurnalistlər üçün onlayn təlimlərin təşkil ediləcəyi barədə də məlumat verilib. Layihə ilə bağlı “EDUAZ co”-nun layihə meneceri Lalə Həsənova təqdimat edib.

Sonra Türkiyənin “Hürriyet” qəzetinin xəbər koordinatoru Fırat Karadeniz çap mediası məhsullarının təkmilləşdirilməsi və mediada peşəkarlığın artırılması üçün yeni tendensiyaların öyrənilməsi ilə bağlı çıxış edib.