Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Göygöl regional təlim bazasında mina və partlamamış hərbi sursatların təhlükəsindən qorunma ilə bağlı təlim kursunda iştirak ediblər.

Təlim kursuna Dövlət Xidmətinin Salyan və Şabran regional idarələrinin əməkdaşları da qatılıb.

Təlim işğaldan azad olunmuş ərazilərdə yerləşən tarixi abidələrin monitorinqi, inventarlaşdırılması və mühafizə tədbirləri zamanı mina və partlamamış hərbi sursatlardan qorunma ilə bağlı maarifləndirmə və təlimatlandırma məqsədilə təşkil edilib.

ANAMA-nın əməkdaşları tərəfindən iştirakçılara mina və partlayıcı sursatlar, partlamamış sursatlar, minalanmış ərazi və təhlükəsizlik nişanları barədə təqdimatlar nümayiş olunub. Piyada əleyhinə və tank əleyhinə minalar, partlayıcı sursatların ümumi əlamətləri, təhlükəsizlik nişanlarının mənası və əhəmiyyəti, minalanmış ərazinin relyefinin xüsusiyyətləri haqqında ətraflı məlumat verilib.

Sonda təlim iştirakçılarına ANAMA-nın işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların təhlükəsinə dair fərdi təlimat kitabçası təqdim olunub.