Aleksandar Vuçiç: “İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir. Onların Azərbaycana ehtiyacları var”

 

Mən Prezident Əliyevə dedim ki, bütün şəffaf protokol məsələlərinə görə bəzi sənədlər imzalanmalı olsa da, onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, nəyi deyirsə, mənim üçün kifayətdir, bilirəm ki, bu, belə də olacaq. Bu, bizim üçün, həqiqətən də, vacibdir.

Serbiya Prezidenti Aleksandar Vuçiç bu sözləri noyabrın 23-də Belqradda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən və ikitərəfli sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında deyib.

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurları rəğbətlə izlədiklərini deyən Aleksandar Vuçiç iki ölkə arasında bir çox oxşarlıqların olduğunu və bu xüsusda Prezident Əliyevdən bir çox məsələləri öyrəndiklərini vurğulayıb.

İmzalanan sənədlərin, o cümlədən strateji tərəfdaşlıq haqqında memorandumun əhəmiyyətini qeyd edən Serbiya rəhbəri iki ölkə arasında əməkdaşlığın yeni müstəviyə qalxdığını deyib: “Bu gün biz bütün vacib məsələləri müzakirə etdik. Bu məsələlər arasında enerji sahəsində əməkdaşlığın necə aparılması məsələsi də yer almışdır. Qazın istehsalı və ixracına gəldikdə, Azərbaycan qüdrətli ölkədir, yeddi, səkkiz və on ildən sonra Azərbaycan 35 milyard kubmetrdən daha çox qaz ixrac edəcək. Bu gün qaz ixracı təxminən 22 milyard kubmetr təşkil edir. Bu həcmin yarısından çoxu Avropa ölkələrinə nəql olunur. Məhz buna görə biz Serbiya və Bolqarıstan arasında interkonnektorun yaradılması üzərində çalışırıq ki, Bakıdakı dostlarımızın ixrac etdiyi əhəmiyyətli qaz həcmlərini təchiz edə bilək... Azərbaycan Serbiyanın etibarlı tərəfdaş olduğunu bilir. Prezident Əliyev və Azərbaycan təkcə bizə münasibətdə yox, hər kəsə münasibətdə etibarlı tərəfdaşdır”.

Əməkdaşlıqla bağlı müzakirələrin davam etdiriləcəyini bildirən A.Vuçiç gələn ay bu məqsədlə Bakıya gələcəyini deyib: “Məni bu gün əsası qoyulmuş strateji tərəfdaşlığı çox konkret razılaşmalar və əməli addımlarla dərinləşdirmək üçün Serbiya hökumətinin bir neçə naziri müşayiət edəcək”.

Serbiya rəhbəri vurğulayıb ki, İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir, çünki onların Azərbaycana ehtiyacları var: “Avropada necə dəyişikliklərin baş verməsi inanılmazdır. Adətən onlar onun üçün vaxt tapa bilmirdilər, indi isə bütün vaxtlarını ona ayırırlar, çünki onların Azərbaycan qazına və Azərbaycanın təklif edə biləcəyi hər şeyə ehtiyacları olduğundan o, orada çox sevilir. Lakin mən bilirəm ki, o, ağıllı insandır, hər şeyi görür, hər şeyi başa düşür, düzünü desəm, mən bir az paxıllıq edirəm. Onlar mənə yalnız Kosovo ilə bağlı məsələ olanda, Kosovo ilə bağlı nəyə isə ehtiyacları olanda, məni təhdid etmək üçün zəng vururlar. Lakin Prezident İlham Əliyevi sevirlər və sevdiklərinə görə ona zəng vururlar. Onlar ondan hər şeyi xahiş edirlər. Mən, həqiqətən, şadam ki, mənim böyük dostum və Serbiyanın böyük dostu necə uğur qazanıb və dəyişməyib, o, hər zaman öz ölkəsinin təhlükəsizliyini təmin edib, ona hörmət edilməsinə nail olub, öz ölkəsinin qayğısına qalır və öz ölkəsinin maraqlarını müdafiə edir. Qoy başqaları düşünsün ki, onlar dəyişiblər, ya yox, yanaşma və prinsiplərini dəyişiblər, ya yox”.

“Biz ölkəmizin həqiqi dostunun kim olduğunu hər zaman görmüşük”, – deyən A.Vuçiç qeyd edib ki, qarşıda iki ölkəni bir çox işlər gözləyir: “Mən bu gün imzaladığımız bütün sənədlərə görə çox xoşbəxtəm və bilirəm ki, hələ çox işlər görüləcək. Biz Azərbaycan və Serbiya xalqlarının, vətəndaşlarının maraqları və rifahı naminə daha çox iş görə biləcəyik”.

Azərbaycan haqqında dediyi xoş sözlərə görə həmkarına təşəkkür edən Prezident İlham Əliyev bildirib ki, bu, əsl dostun sözləridir: “Aramızda imzalanmış sənədlər ikitərəfli əlaqələrimizin hüquqi bazasını təşkil edir və onların arasında, əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur. Biz, sözün əsl mənasında, strateji tərəfdaşıq. Çünki bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və bizim əməkdaşlığımızın strateji hədəfləri var”.

 

Beynəlxalq birlikdən 27 il ədalət gözlədik, axırda onu özümüz təmin etdik

 

İlham Əliyev vurğulayıb ki, Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir: “Prezident Vuçiçin dediyi kimi, ölkələrimizin suverenliyi, ərazi bütövlüyü qarşılıqlı surətdə dəstəklənir və bu mövqe birmənalıdır, dəyişməzdir və dəyişməz olaraq qalacaq. Eyni zamanda, Prezident Vuçiçin beynəlxalq təşkilatlarla bağlı dediyi sözlərə də şərh verərək bir neçə kəlmə demək istərdim. Bizim torpaqlarımız uzun illər işğal altında idi. Dünyanın aparıcı beynəlxalq təşkilatları bu işğalla bağlı önəmli və həqiqəti əks etdirən qərar və qətnamələr qəbul etmişdilər. Onların arasında, əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini qeyd etməliyəm. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb edilirdi. BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT, yəni, bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər, ancaq məsələ öz həllini tapmırdı. Bu nəyi göstərir? Onu göstərir ki, beynəlxalq təşkilatların qərar və qətnamələri, onların icrası selektiv xarakter daşıyır. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir, bəzi hallarda isə bir neçə saat ərzində icra edilir. Amma bizim məsələmizə gəldikdə, biz 27 il bu qərarların icrasını gözləyirdik və buna nail ola bilmədik...

Biz nəticə etibarilə görəndə ki, bütün bu səylər, o cümlədən aparılan danışıqlar səmərə vermir, güc amilindən istifadə etdik. Beynəlxalq hüquq bu imkanı bizə verirdi, BMT-nin Nizamnaməsi bu imkanı bizə verirdi, özünümüdafiə etmə haqqı bütün dövlətlərə şamil edilməlidir, o cümlədən Azərbaycana. Biz güc yolu ilə öz ərazi bütövlüyümüzü bərpa etdik, ədaləti bərpa etdik və artıq iki ildir ki, Azərbaycan xalqı azad edilmiş torpaqlarda qurub-yaradır, binaları bərpa edir, bütün o böyük ərazini – 10 min kvadrat kilometrdən böyük olan ərazini yenidən qurur”.

Azərbaycanla Serbiya arasında əməkdaşlığın perspektivlərindən bəhs edən Prezident İlham Əliyev bildirib ki, energetika sahəsində əməkdaşlıq üçün yeni imkanlar var: “Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və bizim rolumuz getdikcə artacaq. Əlbəttə ki, ilk növbədə, biz dost olan ölkələrlə bu sahədə və bütün başqa sahələrdə əməkdaşlığı dərinləşdirmək fikrindəyik. O cümlədən hərbi-texniki sahədə əməkdaşlıq aparılır və bu əməkdaşlığın daha da dərinləşməsi, daha geniş vüsət alması istiqamətində əlavə addımlar atılacaqdır.

Bir sözlə, biz bu gün növbəti illər üçün bir gündəlik tərtib etdik. Əlbəttə ki, prezidentlər bu gündəliyi diqqətdə saxlayacaqlar, bu məsələlərin icrasına nəzarət edəcəklər. Bunu daha operativ və səmərəli şəkildə etmək üçün, əlbəttə ki, biz tez-tez görüşməliyik...”.

***

Qeyd edək ki, noyabrın 23-də Belqradda Azərbaycan və Serbiya prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərindən sonra ikitərəfli sənədlərin imzalanması mərasimi olub.

Prezident İlham Əliyev və Prezident Aleksandar Vuçiç “Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanat”ı, “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum”u və onun əlavəsi olan “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi”ni imzalayıblar.

Bundan əlavə, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş” (iki ölkənin daxili işlər nazirləri imzalayıb), iki ölkənin aidiyyəti nazirlikləri arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın sertifikatlarının tanınması haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında Saziş”in tətbiqinə dair sənəd, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Serbiya Respublikasının Serbiya İnkişaf Agentliyi arasında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Serbiyanın Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu” imzalanıb.

Noyabrın 23-də Belqradda Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyanın Baş naziri xanım Ana Brnabiç ilə geniş tərkibdə görüşü olub.

Dövlət başçısı birgünlük səfər zamanı Belqraddakı Taşmaydan parkında Azərbaycanın  ümummilli lideri Heydər Əliyevin və serb şairi, yazıçı Milorad Paviçin abidələrini ziyarət edib. Abidələrin önünə əklil qoyulub.

Ulu öndər Heydər Əliyevin Taşmaydan parkında abidəsi 2011-ci ildə ucaldılıb. Bu, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.

Onu da əlavə edək ki, bu, son on gündə Azərbaycan Prezidentinin Balkan yarımadası ölkələrinə ikinci səfərdir. Dövlət başçısı noyabrın 15-də Albaniyada olmuşdu. Balkanlar Azərbaycanın Türkiyə üzərindən Avropa ilə enerji əməkdaşlığı üçün strateji regiondur. Bu baxımdan sıx əməkdaşlıq həm Azərbaycanın, həm də regiondakı tərəfdaş ölkələrin marağındadır.