Azərbaycan musiqi sənətinin korifeylərindən olan Fikrət Əmirovun 100 illiyini Fransanın musiqi üzrə ixtisaslaşmış “Mezzo” telekanalı da qeyd edir.

Televiziya kanalının internet səhifəsində bəstəkarın balet və simfonik konsertlərinin yayımlanacağı ilə bağlı proqram açıqlanıb. Proqrama əsasən, musiqisevərlərə dekabrın 1-dən 23-dək bəstəkarın “Kürd ovşarı”, “Gülüstan – Bayatı-Şiraz” simfonik muğamları, “Azərbaycan kapriççiosu” və “Kor ərəbin mahnısı” təqdim ediləcək. Əsərlər maestro Rauf Abdullayevin dirijorluğu ilə Monte-Karlo Filarmonik Orkestrinin ifasında səslənəcək. “Kor ərəbin mahnısı” xanəndə Alim Qasımovun ifasında yayımlanacaq.

“Mezzo” televiziyasının “Twitter” səhifəsində Fikrət Əmirovun 100 illiyi ilə bağlı məlumat və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında lentə alınmış “Min bir gecə” baletindən bir parça yerləşdirilib.

***

Onu da qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən 12-23 noyabr tarixində keçirilən “Fikrət Əmirov – 100” musiqi festivalı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarın “Min bir gecə” baletinin nümayişi ilə başa çatıb.

Festival çərçivəsində Akademik Opera və Balet Teatrında bəstəkarın “Nizami” baleti, teatrın truppasının təqdimatında F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Sevil” operası nümayiş olunub.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında 15 noyabr (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri) və 17 noyabrda (F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı), Gəncə Dövlət Filarmoniyasında noyabrın 18-də (Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri) konsert proqramları təqdim olunub. Noyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində Fikrət Əmirovun əsərlərindən ibarət vokal musiqisi axşamı, 22 noyabrda isə Heydər Əliyev Sarayında bəstəkarın təntənəli yubiley gecəsi keçirilib.