Bu il Azərbaycan milli mətbuatının görkəmli nümayəndəsi, publisist, maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin (1872-1937) anadan olmasının 150 ili tamam olur.

Böyük ziyalının 150 illiyinin qeyd edilməsi haqqında ölkə başçısının sərəncamı və Mədəniyyət Nazirliyinin tədbirlər planına müvafiq olaraq Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “İctimai xadim, maarifçi Ömər Faiq Nemanzadə” adlı elektron məlumat bazası hazırlanıb.

Elektron məlumat bazası “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Ömər Faiq Nemanzadə və “Molla Nəsrəddin”, “Əsərləri”, “Təxəllüsləri”, “Molla Nəsrəddin felyetonları”, “Xatirəsinin əbədiləşdirilməsi”  və s. bölmələrdən ibarətdir.

Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixinə parlaq səhifələr yazmış və son dərəcə mürəkkəb şəraitdə onun inkişafına istiqamət verərək keyfiyyətcə yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış maarifpərvər ziyalılardandır. Ədəbi-mədəni həyatda hadisəyə çevrilmiş “Qeyrət” mətbəəsinin və “Molla Nəsrəddin” jurnalının yaradılması ədibin gərgin və səmərəli fəaliyyətinin ayrılmaz tərkib hissələridir. Ana dilinə sevgini vətənə məhəbbətin ən vacib şərti sayan geniş erudisiyalı, fədakar qələm sahibi doğma xalqının mədəni dirçəlişi, istiqlalı və xoşbəxt gələcəyi naminə bilik və bacarığını əsirgəmədən əzmlə mübarizə aparıb. Taleyüklü məsələlərin zamanın qabaqcıl ideyaları fonunda azərbaycançılıq məfkurəsi prizmasından işıqlandırılması Ö.F.Nemanzadənin milli ideyalarla zəngin və dərin siyasi-ictimai məzmuna malik publisistik irsinin leytmotivini təşkil edib.

Elektron məlumat bazası ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/emb/O.F.Nemanzde/index.htm