“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş bədii-sənədli filmin təqdimat mərasimini keçirib.

QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən verilən məlumata görə, noyabrın 25-də Azərbaycan Dövlət Film Fondunda təqdimatı olan ekran əsəri “Üzeyir Hacıbəyli: bir portretin ştrixləri” adlanır.

QSC-nin “Sabah” yaradıcılıq studiyasında hazırlanan “Yad et məni” bədii-sənədli filmlər silsiləsindən olan filmdə Üzeyir Hacıbəyli ilə bağlı uzun illər gizli qalmış bir sıra faktlar açıqlanır, onun həyatı ilə bağlı maraqlı məqamlar üzə çıxarılır, bəstəkarın 20-ci illərdə niyə yeni əsərlər yaratmadığı barədə bəhs edilir.

Yaradıcı heyət bu film-tamaşanı Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı ərsəyə gətiriləcək bədii filmin başlanğıcı hesab edir.

“Üzeyir Hacıbəyli: bir portretin ştrixləri” film-tamaşasının quruluşçu rejissoru Adil Azay, ssenari müəllifi Afaq Vasifqızıdır. Üzeyir Hacıbəylini aktyor isə Ədalət Əbdülsəmədov canlandırıb.

Qeyd edək ki, “Yad et məni” layihəsinin ideya müəllifi Xalq artisti Ramiz Həsənoğludur.

Bədii-sənədli film noyabrın 26-da AzTV-də yayımlanıb.