Xəbər verdiyimiz kimi, noyabrın 22-də Nyu-Yorkdakı “Karnegie Hall”da dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Dostluq körpüləri” (Bridge of Friendship) adlı konsert keçirilib.

Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Vaşinqtondakı səfirliyimizin dəstəyi, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri, tanınmış pianoçu, Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarovanın təşəbbüsü və təşkilatçılığı ilə reallaşıb.

Konsertdə tanınmış musiqiçilər – violin ifaçısı Aleksandr Markov və pianoçu Nərgiz Əliyarova, eləcə də Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi altında Nyu-York Beynəlxalq Virtuozlar Orkestri (NYIVO) çıxış edib.

Nərgiz Əliyarova Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, simfonik muğam janrının banisi, mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmiş Fikrət Əmirovun həyat və yaradıcılığı barədə məlumat verib.

Proqramda Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Fikrət Əmirov və Elmira Nəzirovanın “Piano və orkestr üçün ərəb mövzuları əsasında konsert”i (ABŞ premyerası), Cerri Brubeykerin aranjimanında “Corc tərəfindən Gerşvin”, türk bəstəkarı ı Faruk Kancanın “Vox in Terra” (“Terrada səs”) əsəri və Feliks Mendelsonun “Violin və orkestr üçün e-moll konsert”i (op. 64) səsləndirilib.

Musiqili gecəyə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, diplomatlar, ABŞ-da yaşayan Azərbaycan icmasının fəalları, yerli ictimaiyyətin nümayəndələri qatılıblar.

Tədbirlə bağlı Nərgiz Əliyarova öz fikirlərini bölüşüb: “Konserti 1400-dən artıq tamaşaçı izlədi. Gecəyə Kanada, Braziliya və başqa ölkələrdən sənətsevərlər təşrif buyurmuşdu. Xoşbəxtəm ki, 8 aylıq hazırlıqlar nəticəsində Azərbaycanın böyük bəstəkarının 100 illik yubileyinin məhz anadan olduğu gündə, dünyanın ən möhtəşəm konsert salonlarının birində ərsəyə  gətirdik...”