Xəbər verildiyi kimi, Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Bu münasibətlə Bakıdakı Rus Evi – Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) tatar mədəniyyəti sərgisi açılıb. Mərkəzdən verilən məlumata görə, sərgidə Tatarıstan Respublikasından (RF) gəlmiş xalq tətbiqi sənət ustaları tərəfindən dəri mozaikası, üzərində ənənəvi tatar naxışları olan keçə xalçanın yaradılması və muncuqla tikmə üsulu ilə milli baş geyimlərinin hazırlanması üzrə ustad dərsləri təqdim edilib.

Bundan əlavə, Volqa Bulqariyasında İslam dininin qəbul edilməsinin 1100 illiyinə həsr edilmiş “Bizi düz yol ilə apar” adlı fotosərgi, habelə “İbn Fədlan” sənədli-bədii filmi nümayiş etdirilib. IX-X əsrlərdə yaşamış ərəb coğrafiyaçısı Əhməd ibn Fədlan Volqaboyu ərazilərə səfər edib, Xəzər dənizinə tökülən çaylar haqqında məlumatların da yer aldığı risalə yazıb. 

Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov, Tatarıstanın mədəniyyət naziri İradə Ayupova və “Yaşlek” Tatar Gənclər Mərkəzinin sədri Diaz Əhmədcanov Azərbaycan Tatar İcmasının nümayəndələrini salamlayıblar. Sonda musiqi nömrələri səsləndirilib.