Noyabrın 25-də İstanbul Universitetinin Ədəbiyyat fakültəsində Azərbaycanın mütəfəkkir şair və dramaturqu Hüseyn Cavidin 140 illik yubileyi ilə əlaqədar simpozium keçirilib. Tədbir Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşkilatçılığı ilə gerçəkləşib.

Simpoziumun açılışında çıxış edən ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva Hüseyn Cavidin bütün Türk dünyasının böyük ədibi olduğunu vurğulayıb. O, milli dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında  türk dünyası mütəfəkkirlərinin tarixi missiyasından bəhs edib.

Tədbir iştirakçılarını salamlayan İstanbul Universitetinin prorektoru professor İlyas Topsakal bu ali təhsil müəssisəsinin Azərbaycanla bağlı bir çox tədbirlərə imza atdığını vurğulayıb.

Hüseyn Cavidin yalnız Türkiyə və Azərbaycanı deyil, bütün türk dünyasını bağlayan ən mötəbər mənəvi körpülərdən biri olduğunu deyən İlyas Topsakal böyük şairin vətəni Naxçıvan üzərindən keçəcək yolun da türk coğrafiyasını birləşdirəcəyini bildirib.

Simpozium məruzələrlə davam etdirilib.

İstanbul Universiteti Ədəbiyyat fakültəsinin dekanı professor Hayati Develinin moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan Milli Məclisinin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan və Mərmərə Universitetinin müəllimi Mehdi Gəncəlinin ədəbiyyatımızın görkəmli nümayəndəsinin həyat və yaradıcılığı barədə məruzələri dinlənilib.

Məruzələrdə bildirilib ki, üzərindən bir əsrdən çox vaxt keçməsinə baxmayaraq bu gün də Hüseyn Cavidin əsərlərinin oxunması, sevilməsi və şairin öyrənilməsi bunun ən böyük sübutudur. Hüseyn Cavid kimi insanlar üçün dünya gəlirli-gedərli deyil, belə şəxsiyyətlər əbədi yaşayırlar.

Ədibin həyatının bəzi məqamlarına xüsusi toxunulan çıxışlarda şairin İstanbul Universitetində təhsil aldığı illər haqqında danışılıb.

Akademik Rafael Hüseynov “Cavidin gəlişi, gedişi və dönüşləri” adlı məruzəsində  deyib: “Cavid və onun kimi bir çox gənci zamanın umduğunu, onlar yaradıcılıq səhnəsinə vaxtın hökmü ilə gəldilər. Vaxt keçdikcə Cavidə ata-baba yurdu Naxçıvan dar gəlirdi, ona yeni üfüqlər lazım idi. Oxumaq, daha çox biliklər qazanmaq, yeni dövrün çağırışlarına cavab verməyə hazır olmaq istəkləri Hüseyn Rasizadəni İrana apardı, orada əvvəldən də bildiyi farscasını mükəmməlləşdirdi, zəngin bir ədəbiyyat dünyasına daxil oldu. Lap az sonra, 1906-cı ilin aprelində isə “Paqi” adlı fransız gəmisi onu İstanbula gətirirdi. Bunu xüsusi vurğulamağım səbəbsiz deyil. Çünki bir rəmz kimi idi. Bu gənc İstanbula yalnız bir türk yurduna gedən kimi gəlmirdi. Bu gəliş həm də onun üçün Qərbə, Avropaya açılan pəncərə, daha artıq çağdaşlaşmaq fürsəti idi. Bura gələnəcən ana dilindən savayı farscanı, ərəbcəni bilirdi. Gəlişindən az sonra, 1906-cı ilin oktyabrında Naxçıvana o çağın tanınmış ziyalısı Qurbanəli Şərifzadəyə məktubunda xəbər verirdi ki, İstanbul Universitetində gündə bir saat fransızca dərs almaqdan əlavə gündə üç saat da qonşusu Şeyx əfəndidən fransızca öyrənir, həmçinin osmanlıcasını təkmilləşdirir”.

Akademik bildirib ki, Hüseyn Cavid İstanbula gələrkən onun ürəkdən istədiyi bir başqa cəhət azad ifadə imkanı və meydanı idi: “Bunu həm tapır, həm tapmır. Elə təzə gəldiyi çağlarda şikayətlənirdi ki, İstanbulda çox böyük qiraətxana və kitabxanalar var, amma layiqincə kitablar və qəzetlər yoxdur. Çünki bəzi mündəricat və mətbuat qadağandır. İstanbulda aldığı ədəbi tərbiyə və zövq dərsləri, Cavidi Anadoluda yetişdirən mühitin təsiri həmişəlik onunla qaldı. Yazısının üslubundan, deyiş tərzindən başlayaraq geyim-keciminədək hər məqamda bu cazibə hiss olunurdu. Ancaq illər keçəcək, Cavidi başqalarından seçdirən, cazibədar edən bu əlamətlərin hamısı onun əleyhinə dönəcək. Onu inadla bu məziyyətlərindən arınmağa dəvət edəcəklər. Tabe olmayanda, dirəniş göstərəndə isə ona “turançı”, “ifrat türkçü” yarlığı yapışdırıb sovetin düşmənləri sırasına qatacaqlar...”.

Simpoziumda daha sonra Hüseyn Cavidin xatirəsinə həsr edilən qısa film nümayiş olunub.

Tədbir bədii hissə ilə davam edib.

Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova və azərbaycanlı aktrisa Nigar Bahadırqızı şairin şeirlərini söyləyiblər. Xalq artisti Əlixan Səmədov və Türkiyədə yaşayan həmvətənimiz Elgün Quliyevin ifasında Azərbaycan musiqiləri səslənib.