Sumqayıt RMİ Sumqayıt Dövlət Rəsm Qalereyasında “Xədicənin rəng dünyası” adlı sərgi açılıb. Gənc rəssam Xədicə Səlimlinin fərdi sərgisində müxtəlif mövzuda 60-dan çox əsəri nümayiş olunub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev və digər qonaqlar çıxış edərək ölkəmizdə yaradıcı gənclərə göstərilən dövlət qayğısından söhbət açaraq belə sərgilərin yeni istedadların üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb, müəllifə yaradıcılıq uğurları arzulayıblar.

Sonra Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova qalereyanın və Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin hədiyyə və fəxri fərmanlarını gənc rəssama təqdim edib.

Bədii hissədə Sumqayıt Musiqi Kollecinin müəllimi Könül Bəkirovanın rəhbərlik etdiyi kollektiv, ifaçılar Şəhriyar Musayev və Zaur Yusifli musiqi nömrələri ilə çıxış ediblər.

Nurəddin