Lənkəran Şəhər İcra Hakimiyyəti və Lənkəran RMİ-nin təşkilati dəstəyi və “TEAS Press” Nəşriyyat evinin təşəbbüsü ilə şəhər Heydər Əliyev Mərkəzində kitab sərgi-yarmarkası keçirilib.

Lənkəran RMİ-nin rəisi Şahin Şahbazov, İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmilərin iştirak etdiyi sərgi çərçivəsində tanınmış yazıçılar Elxan Elatlı, Sevinc Nuruqızı və Zahid Xəlilin iştirakı ilə imza saatları təşkil olunub.

Müəlliflər cəmiyyət tərəfindən böyük marağa səbəb olan kitab yarmarkalarının və ədəbi görüşlərin əhəmiyyətini qeyd ediblər.

Sərgidə xalqımızın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunan Qarabağın tarixini və şəhidlərimizin keçdiyi şanlı döyüş yolunu əks etdirən kitablar və digər çap məhsulları xüsusi yer alıb. Həmçinin “TEAS Press” Nəşriyyat evi tərəfindən 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsinə həsr olunan “Memorial” silsiləsindən kitablar şəhid ailələrinə təqdim edilib.

İki gün davam edən kitab sərgi-yarmarkasında 300 adda 1500-ə yaxın kitab oxuculara təqdim olunub.

Nurəddin