Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Aşqabadda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Raevi qəbul edib.

TÜRKSOY rəhbərini ölkəsində görməkdən məmnunluğunu ifadə edən Prezident bildirib ki, Türk dünyasının qardaşlığının genişləndirilməsi Türkmənistanın xarici siyasətində mühüm yer tutur. Bu xüsusda TÜRKSOY-un fəaliyyəti çox əhəmiyyətlidir.

Görüşdə TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının Bursa şəhərində (5 noyabr) keçirilmiş 39-cu iclasının qərarı ilə 2024-cü ilin “Məhdimqulu Fəraqi İli” elan olunması, eləcə də həmin il Türkmənistanın Anev şəhərinin “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilməsi, həmçinin TÜRKSOY-un yaradılmasının 30-cu ildönümü münasibətilə tədbirlərdə iştirak və gələcəkdə Türkmənistanın təşkilatda təmsilçisinin təyin edilməsi məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

Türkmənistanın TÜRKSOY-un layihələrində fəal rol oynamağa hazır olduğunu, bu istiqamətdə bütün dəstəyin veriləcəyini diqqətə çatdıran Prezident Sərdar Berdiməhəmmədov Türk dünyasında mədəniyyət sahəsində həyata keçirilən işlərin əhəmiyyətli inkişafından məmnuniyyətini ifadə edib, baş katibə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Mehparə Sultanova
Ankara