“Odda – iki bacı” filminə Mədəniyyət Nazirliyi tərəfindən yayım vəsiqəsi verilməyib. İstər nazirliyin tabeliyində fəaliyyət göstərən Nizami Kino Mərkəzində, istərsə də ölkədəki özəl kinoteatrlarda həmin filmin nümayişi nəzərdə tutulmayıb.

Nazirliyin bununla bağlı məlumatında diqqətə çatdırılır ki, mövcud qanunvericiliyə əsasən, ölkə ərazisində kütləvi nümayiş üçün nəzərdə tutulan yerli və xarici filmlər Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Reyestrində qeydiyyata alınaraq yayım vəsiqəsi ilə təmin edildikdən sonra kino nümayişi müəssisələrində tamaşaçılara təqdim olunur.

“Filmin qeyri-kino profilli hansısa məkanda nümayişinə gəldikdə, bildiririk ki, bu kimi məsələlərin həlli Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil. Bununla belə, nazirlik sözügedən filmin qeyri-kino profilli müəssisədə nümayişini məqbul hesab etmədiyini bildirir”, – deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, Almaniyanın Azərbaycandakı Səfirliyi və Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyi Bakıda Avropa Film Festivalı çərçivəsində “Odda – iki bacı” (“Sisters apart”) filminin nümayişini təşkil etmək istəyib. 2020-ci ildə istehsal olunan filmdə Türkiyəyə əleyhinə motivlər var. Paytaxt kinoteatrları filmi nümayiş etdirməkdən imtina edib.