Noyabrın 29-da “Hilton Baku” hotelində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaranmasının 39-cu ildönümünə həsr edilən tədbir keçirildi.

ŞKTC-nin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə nümayəndəliyin rəhbəri xanım Ufuk Turganer, Milli Məclisin deputatları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Səbinə Əliyeva, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı, media mənsubları, ictimaiyyət nümayəndələri digər qonaqlar iştirak edirdilər.

Tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başladı.

Ufuk Turganer böyük türk dünyasının bir parçası olan Şimali Kiprin müstəqilliyinin qardaş və dost Azərbaycanda qeyd edilməsinin qürurverici olduğunu dedi, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyimiz uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinə ehtiramını ifadə etdi.

U.Turganer ölkəsinin ana dövlət saydıqları Türkiyənin dəstəyi ilə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini vurğuladı, ŞKTC-nin yaranma tarixindən söz açdı. Qeyd etdi ki, Türk Dövlətləri Təşkilatının noyabrın 11-də Səmərqənd şəhərində keçirilən IX Zirvə toplantısından ŞKTC təşkilata müşahidəçi statusu ilə üzv qəbul olunub: “Bu, ölkəmizin ən böyük diplomatik uğuru sayılır. İnanırıq ki, gec-tez haqq-ədalət öz yerini tapacaq və bayrağımız BMT-də dalğalanacaq”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu ölkələrimiz arasında əlaqələrdən danışdı, ŞKTC-nin yaranmasının ildönümü ilə bağlı təbriklərini çatdırdı. Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edən millət vəkili bildirdi ki, xalqımız bunun əyani təzahürünü 44 günlük Vətən müharibəsində gördü.

Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam etdi.

Qeyd edək ki, 15 noyabr 1983-cü ildə ŞKTC-nin yarandığı elan edilib. 1974-cü ilin “Barış hərəkatı”ndan (yunanların türk əhaliyə qarşı qırğınlarını dayandırmaq üçün adaya Türkiyə hərbi kontingentinin yeridilməsi) sonra Şimali Kipr de-fakto müstəqil olmuşdu. ŞKTC-nin müstəqillik günü ilə bağlı tədbir 15 noyabra nəzərdə tutulsa da, ayın 13-də İstanbulda törədilmiş terror hücumu səbəbindən təxirə salınmışdı.

Lalə