Bu gün Laçın rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ikinci ildönümüdür.

2020-ci ilin 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu otuzillik işğala son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdi. Sentyabrın 27 başlanan Vətən müharibəsi noyabrın 10-da müzəffər Ordumuzun parlaq Zəfəri ilə başa çatdı. İşğalçı Ermənistan cəmi 44 gün davam edən müharibədə kapitulyasiya aktını imzalamağa məcbur oldu.  Sənədə əsasən, 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər, 1 dekabrda isə Laçın rayonları bir güllə atılmadan, bir hərbçimizin burnu belə qanamadan Azərbaycana qaytarıldı.

Lakin bəyanatın imzalandığı 10 noyabrdan 1 dekabra qədər olan 20 gün müddətində ermənilər Laçın şəhərində və rayon ərazisində xarakterlərinə uyğun olaraq misli görünməmiş dağıntılar törətdi, tikililəri talan edib yandırdı, yaşıllıqlara qarşı ekoloji terror həyata keçirdi.

Bu gün Qarabağımızın cənnətməkan guşələrindən olan Laçına da həyat qayıdır. Dövlət tərəfindən müxtəlif infrastruktur layihələri həyata keçirilir. Artıq Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verilib. Rayon ərazisində 110 kV-luq “Qorçu” elektrik yarımstansiyası, beynəlxalq hava limanı, eləcə də Kəlbəcər-Laçın avtomobil yolu inşa edilir. Yaxın gələcəkdə 30 ilə yaxın yurd nisgili ilə yaşamış laçınlılar doğma yurda qayıdacaqlar.

Qeyd edək ki, Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.