Orta əsr musiqi elmində “Rast” birinci və bütün digər muğamların əsası sayılır. Musiqişünaslar onu “muğamların anası” adlandırırlar. Əbəs yerə dahi bəstəkar Üzeyir Hacıbəyli “Rast”ı “İndiyədək zamanın və hadisələrin sarsıdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam” adlandırmayıb. Bu muğam nəinki öz adını və kökünün səsdüzümünü, hətta öz tonikasının (mayəsinin) ucalığını belə zəmanəmizə qədər mühafizə edib saxlaya bilib.

“Rast” “Novruz-rəvəndə”, “Üşşaq”, “Hüseyni”, “Vilayəti” (“Dilkeş”), “Əraq”, “Əmiri” və digər şöbələrdən ibarət muğam dəstgahıdır.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC tərəfindən “Rast” muğamı haqqında eyniadlı film-konsert lentə alınıb. Noyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində filmin təqdimatına həsr olunan “Muğam-şeir dünyası” adlı tədbir keçirildi. Layihənin təşəbbüskarı görkəmli tarzən, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası elmi tədqiqat laboratoriyasının baş elmi işçisi, Dövlət mükafatı laureatı, Xalq artisti, professor Ramiz Quliyevdir. Filmin ərsəyə gəlməsində muğamlarımızın dərin bilicisi olan Ramiz müəllimin də fikirlərinə istinad olunub.

Dünya şöhrətli maestro, bəstəkar, SSRİ Xalq artisti Niyazinin (1912-1984) anadan olmasının 110 illiyinə həsr edilən filmin çəkilişləri Azərbaycanın dilbər guşələrindən olan Qaxda, həmçinin Bakıda, İçərişəhərdə və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında aparılıb.

Ekran işində bəstəkarın “Rast” simfonik muğamını Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik orkestri (dirijor: Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov), “Rast” muğamını Əhsən Dadaşov adına “Xatirə” Xalq çalğı alətləri ansamblı (bədii rəhbər: Xalq artisti Adil Bağırov), solo Xalq artistləri - tarda Ramiz Quliyev, kamançada Şəfiqə Eyvazova səsləndirib. Xalq artistləri, xanəndələr Alim Qasımov, Mənsum İbrahimov, Aygün Bayramova, Nəzakət Teymurova, Əməkdar incəsənət xadimi Aqil Məlikov “Rast” muğamının bütün şöbələrini böyük məharətlə ifa ediblər.

Təqdimatda çıxış edən Azərbaycan Milli Konservatoriyasının elm işləri üzrə prorektoru professor Lalə Hüseynova, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Xalq artisti Sərdar Fərəcov, BMA-nın elmi tədqiqat laboratoriyasının müdiri dosent Nuridə İsmayılzadə film haqqında ürək sözlərini bölüşdülər. 

“Rast” filminin nümayişindən sonra Xalq artisti Ramiz Quliyev muğam ifaçılarını səhnəyə dəvət etdi və layihənin ərsəyə gəlməsinə görə ölkənin rəhbərliyin və Heydər Əliyev Fonduna təşəkkürünü bildirdi.

Xalq artisti Alim Qasımov bənzərsiz ifası ilə gecəyə xüsusi rəng qatdı. Tamaşaçılar sənətkara gurultulu alqışlarla təşəkkürünü çatdırdı. Sonda xatirə şəkilləri çəkdirildi.

Nigar Bayramova
BMA-nın elmi tədqiqat laboratoriyasının elmi işçisi, doktorant