Azərbaycan

 

3 dekabr 1918 – Aktyor, rejissor, teatr təşkilatçısı Əbülfət Məmmədhəsən oğlu Vəli (1867-1918) vəfat edib.

3 dekabr 1920 – Şair, qəzəlxan Ələkbər Şahid (Ələkbər Şahbaz oğlu Axundov; 1920 – 12.12.1999) anadan olub.

3 dekabr 1937 – Əməkdar mədəniyyət işçisi, kinoşünas Natalya Borisovna Şneyer (1937–2019) anadan olub.

3 dekabr 1996 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Məlik Yusif oğlu Dadaşov (7.6.1924 – 1996) vəfat edib. Akademik Dram Teatrında çalışıb. Rus Dram Teatrının direktoru (1989-1991) olub.

3 dekabr 1997 – Respublika Sarayında Azərbaycan professional vokal sənətinin banisi Bülbülün 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib. Prezident Heydər Əliyev mərasimdə çıxış edib.

3 dekabr 2013 – UNESCO Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında Azərbaycanın təqdim etdiyi nominasiya – “Çövkən, Qarabağın ənənəvi atüstü oyunu” təşkilatın “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na salınıb.

3 dekabr 2020 – Əməkdar rəssam Rafael Abbas oğlu Abbasov (28.11.1943 – 2020) vəfat edib. Portretlər, süjetli tablolar, Abşeron və Naxçıvanın təbiətini tərənnüm edən mənzərələrin müəllifidir.

 

4 dekabr 1979 – Xalq artisti Sona Salman qızı Hacıyeva (25.6.1907 – 1979) vəfat edib. Akademik Dram Teatrının aktrisası olub. “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Səhər” filmlərində çəkilib.

 

5 dekabr 1906 – Xalq artisti Əşrəf Əmrah oğlu Yusifzadə (1906 – 7.3.1963) Naxçıvan MR Şərur rayonunun Sərxanlı kəndində doğulub. Bakı Türk İşçi Teatrında, Gəncə Dram Teatrında çalışıb, filmlərdə (“Səhər”, “Kölgələr sürünür”) çəkilib.

5 dekabr 1912 – Əməkdar incəsənət xadimi, rəssam Sadıq Hüseyn oğlu Şərifzadə (1912 – 2.1.1986) Təbrizdə anadan olub. Əsərləri: “Səttarrxan fədailəri Təbrizdə”, “Sərkərdə Babəkin portreti”, “Nəsiminin portreti”, “M.Ə.Sabirin portreti” və s. Teatr tamaşalarına bədii tərtibat verib.

5 dekabr 1921 – Tanınmış aktyor, Xalq artisti Həsənağa Dərya oğlu Salayev (1921 – 2.10.1981) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. “Görüş”, “Onu bağışlamaq olarmı?”, “Aygün” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

5 dekabr 1924 - Kinorejissor, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Şamil Fərəməz oğlu Mahmudbəyov (1924 – 20.5.1997) anadan olub. “Qaraca qız”, “Romeo mənim qonşumdur”, “Şərikli çörək”, “Həyat bizi sınayır” və s. filmlərə quruluş verib.

5 dekabr 1924 – Əməkdar artist Şəfiqə Qasım qızı Qasımova (1924 – 3.4. 2008) Bakıda anadan olub. Musiqili Komediya, Opera və Balet teatrlarında çalışıb, filmlərdə çəkilib.

5 dekabr 1925 – Xalq rəssamı, Dövlət mükafatı laureatı, professor Nadir Qənbər oğlu Əbdürrəhmanov (1925 – 26.7.2008) Laçın rayonunda doğulub. “Sevimli naxışlar” “Çəltikbecərənlər”, “Dağlarda bahar” və s. Azərbaycan Rəssamlar İttifaqı idarə heyətinin sədri olub.

5 dekabr 1927 – Yazıçı, Əməkdar mədəniyyət işçisi Cəmil Adil oğlu Əlibəyov (1927 – 26.10.2014) Füzuli rayonunun Dədəli kəndində doğulub. “Azərbaycanfilm”in direktoru olub. “Həyatın özü”, “İlk məhəbbət” romanları, “Gülüstanda qətl” pyesi və s. əsərlərin müəllifidir. Rus dilindən ədəbi tərcümələr edib.

5 dekabr 1927 – Yazıçı, şair İsmayıl Abuzər oğlu Qarayev (1927 – 9.10.1989) Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub. “Gənclik” nəşriyyatında baş redaktor işləyib.

5 dekabr 1934 – Əməkdar artist, tanınmış pianoçu Rafiq Teyyub oğlu Quliyev (1934 – 19.8.2007) Bakıda doğulub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru olub. 

5 dekabr 1941 – Böyük şair, dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə; 24.10.1882 – 1941) vəfat edib. Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin müəllifidir. 1938-ci ildə repressiya edilərək Sibirə sürgün olunub, İrkutsk vilayətində dünyasını dəyişib.

5 dekabr 1947 – Xalq artisti Larisa Afanasyevna Vinoqradova (1947 – 16.9.2009) Türkmənistanın Marı şəhərində anadan olub. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışıb, televiziya tamaşalarında çəkilib.

5 dekabr 2012 – UNESCO Hökumətlərarası Komitəsinin Parisdə keçirilən 7-ci sessiyasında Azərbaycanın təqdim etdiyi “Tar alətinin hazırlanması və tar ifaçılıq sənəti” nominasiyası “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahı”ya daxil edilib.

 

6 dekabr 2002 – Bakıda, Respublika Sarayında görkəmli dirijor və bəstəkar Niyazinin 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. Prezident Heydər Əliyev mərasimdə çıxış edib.

6 dekabr 2004 – Xalq artisti, tanınmış aktyor Muxtar Həsən oğlu Avşarov (15.2.1914 – 2004) vəfat edib. Gəncə Dram, Akademik Milli Dram teatrlarında çalışıb, filmlərdə çəkilib.

6 dekabr 2006 – Görkəmli xanəndə, Xalq artisti Baba Mahmudoğlu (Mirzəyev; 7.11.1940 – 2006) dünyasını dəyişib. Opera tamaşalarında (“Leyli və Məcnun”, “Aşıq Qərib”, “Əsli və Kərəm” və s.) əsas partiyaları ifa edib.

6 dekabr 2017 – UNESCO Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında (Koreya Respublikası) Azərbaycanın təqdim etdiyi “Mədəni kimliyin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi” nominasiyası “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahı”ya salınıb.

 

6 dekabr 2021– Tanınmış tarixçi alim, professor Aydın Hüseynağa oğlu Balayev (19.11.1956 – 2021) vəfat edib.

 

Dünya

 

3 dekabr Beynəlxalq Əlillər Günüdür. BMT Baş Assambleyasının 1992-ci il 14 oktyabr tarixli qətnaməsi ilə təsis olunub.

3 dekabr 1927 – Amerika estrada müğənnisi və aktyor Endi Vilyams (Andy Williams – Howard Andrew Williams; 1927-2012) anadan olub.

3 dekabr 1930 – Fransız kinorejissoru, aktyor, ssenarist Jan-Lük Qodar (Jean-Luc Godard; 1930 – 13.9.2022) anadan olub. Fransa kinosunda “yeni dalğa”nın banilərindən biridir. Filmləri: “Kiçik əsgər”, “Motsart – həmişəlik”, “Birnəfəsə”, “Ağılsız Pyero” və s.

 

4 dekabr 1875 – Avstriyalı ekzistensialist şair Rayner Maria Rilke (Rainer Maria Rilke; 1875–1926) anadan olub.

4 dekabr 1896 – Rus şairi, yazıçı Nikolay Semyonoviç Tixonov (1896-1979) anadan olub. Azərbaycan şairlərinin əsərlərini rus dilinə tərcümə edib.

4 dekabr 1922 – Fransız aktyoru Jerar Filipp (Gerard Philipe; 1922-1959) anadan olub. Filmləri: “Fanfan-zanbaq”, “Böyük manevrlər”, “Təhlükəli əlaqələr” və s.

 

5 dekabr 1791 – Dünya şöhrətli Avstriya bəstəkarı Volfqanq Amadey Motsart (Wolfgang Amadeus Mozart; 27.1.1756 – 1791) vəfat edib.

5 dekabr 1901 – Amerikalı multiplikasiya rəssamı, rejissor, prodüser Uolt Disney (Walter Elias “Walt” Disney; 1901-1966) anadan olub. Cizgi filmləri üzrə 26 dəfə “Oskar” mükafatına layiq görülüb.

 

6 dekabr 1841 – Fransız rəssamı, impressionizmin banilərindən biri Frederik Bazil (Jean Frederic Bazille; 1841–1870) anadan olub.

Hazırladı: V.Orxan