Azərbaycanda elə bir ev, elə bir ailə yoxdur ki, incəsənətə, xalq sənətinə meyli olmasın. Bu, xalqımızın genetik koduna bağlı məsələ olduğu üçün əbədi özünü göstərəcək.

Tanınmış xalçaçı rəssam, Əməkdar mədəniyyət işçisi Fazil Qənimət oğlu Abasquluzadə də sənət zövqünü, duyğularını ilmələrə həkk edən sənətkarlardandır. 26 sentyabr 1961-ci ildə Qubadlı rayonunun Cılfır kəndində dünyaya göz açan Fazil Abasquluzadə beş yaşı olanda ailəsi həmin rayonun Seytas kəndinə köçür. Yaşının az olmasına baxmayaraq, qız-gəlinlərin, ağbirçək nənələrin toxuduğu al-əlvan xalçalar, həmin xalçaların gözoxşayan naxışları onun diqqətini cəlb edərək bu sənətə olan marağının bünövrəsini qoyur.

Həmin dövrdə Qubadlı rayonunun Teymur Müsyanlı kəndində xalçaçılıqla daha çox məşğul olurdular. Balaca Fazil fürsət tapdıqca xalçaların toxunma prosesini zövqlə seyr etməyə gedərdi. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olmağı qərarlaşdırsa da, sonradan öyrənir ki, bu məktəbə daxil olmaq üçün artıq gecikib. Sənət təhsili almaq qərarından vaz keçmir, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Bədii qrafika fakültəsinə daxil olur.

Universitetdə təhsil aldığı dövrdə incəsənətin bir çox sahəsinə aid tanınmış müəllimlərdən dərs alaraq sənətin sirlərinə yiyələnir. Heykəltəraşlıqdan Xalq rəssamı, professor İbrahim Zeynalov, rəngkarlıqdan Əyyub Səfərovun məktəbini keçir. Dekorativ-tətbiqi sənəti daha dərindən mənimsəmək isə onun ən başlıca məqsədlərindən birinə çevrilir. Universiteti bitirərkən diplom işi üçün seçdiyi mövzu isə mozaikalar olur. Xarici Dillər Universitetinin yaxınlığında bir binanın divarında 30 kvadratmetrlik mozaik panno yaradır. Uğurlu diplom müdafiəsindən sonra təyinatla İsmayıllı rayonuna müəllim göndərilir. O, hərbi xidmət sıralarına yollanaraq əsgəri borcunu yerinə yetirdikdən sonra İsmayıllının Qoşakənd kənd məktəbində müəllim kimi çalışmağa başlayır. Pedaqoji fəaliyyəti dövründə məktəbin bütün bədii tərtibat işləri ilə özü məşğul olur, dərnəyə rəhbərlik edir. Rayon Təhsil şöbəsinin metodisti vəzifəsində, sonralar isə Azərbaycan Beynəlxalq Universitetinin Dekorativ sənət və xalq sənəti fakültəsində müəllim kimi çalışır.

Rəssamın düşüncəsinə görə, əsərlər işləndikdən bir müddət sonra məhv olsa da, xalça üzərində öz əsərlərini həkk etsə, daha uzunömürlü olar və gələcək nəsillərə çatar. Beləliklə o, xalçaçı rəssam kimi fəaliyyət göstərməyə qəti qərar verir. İlk peşəkar əsəri Bəxtiyar Vahabzadənin 1991-ci ildə yazdığı “Şəhidlər” poemasına çəkdiyi eskiz olur. Fazil Abasquluzadə ölkəmizdə “Şəhidlər” mövzusunda xalça üzərində əsər ərsəyə gətirmiş ilk rəssam hesab edilir. Həmin əsər B.Vahabzadənin iştirakı ilə Şəki Tarix-Diyarşünaslıq Muzeyinə təqdim olunub. Əsər bu gün də muzeydə qorunur. Rəssam Qarabağ müharibəsi şəhidlərinin də silsilə portretlərini yaradıb.

Yaradıcılığında daha çox tarixi, ədəbi mövzulara müraciət edən rəssam şairlərimizin milli yaddaşa həsr olunan şeirlərindən ilham alır, yeni sənətkarlıq nümunələri ərsəyə gətirir. O, böyük şair Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasına beş əsər həsr edib. Bu silsilədə şimallı, cənublu vətən ayrılığından, həsrətindən bəhs olunur. Rəssamın bu qəbildən xeyli əsərləri var.

Şairlərin vətənsevərlik, birlik aşılayan şeirləri rəssama daha çox ilham verir. Tək bir bənd şeir ona bəs edər ki, yeni bir möcüzəli əsər yaratsın. Məsələn, o, “Bəxtiyarla Şəhriyarın şeiri” adlı əsərini B.Vahabzadənin aşağıdakı misralarından təsirlənərək ərsəyə gətirib:

Bizim bir kimsəyə qərəzimiz yox,
Biz iki qardaşıq, bir anamız var.
Bir böyük torpağın iki oğluyuq,
Orda Şəhriyaram, burda Bəxtiyar.

Sağlığında Xalq şairi həmin əsəri görüb çox təsirlənmişdi.

Şairlərin əsərlərindən ilhamlanaraq yaratdığı xalça eskizlərindən Xalq şairi Zəlimxan Yaqubun hazırda evində qorunub saxlanılan “Bu yaşıl ağacın altı bizimdir”, Nizami Gəncəviyə həsr etdiyi “Eşqdir mehrabı uca göylərin” və “Xəmsə” adlı əsərləri də maraq doğurur.

F.Abasquluzadə yaradıcılığında dini və tarixi mövzulu əsərlərə də rast gəlirik. Dini mövzulu “İsmayıl qurbanı”, “Həzrəti Əli”, “Fatihə”, “Bərəkət duası” və s. əsərləri misal göstərə bilərik. Rəssamın bu mövzuda işlədiyi ən böyük əsərlərdən biri mürəkkəb kompozisiyalı, zərdüştlük dinindən bəhs edən “Odlar yurdu” əsəridir.

Rəssam tarixi mövzulu əsərlərində döyüş səhnələrini, müharibədə şəhid olmuş hərbçilərin, eləcə də tarixi şəxsiyyətlərin portretlərinin təsvirinə də üstünlük verir. Belə əsərləri arasında Ulu öndər Heydər Əliyevin Türkiyə Prezidenti Süleyman Dəmirələ hədiyyə etdiyi “Atatürk, Süleyman Dəmirəl və Heydər Əliyev” adlı portret xalça xüsusilə diqqətəlayiqdir.

F.Abasquluzadə yaradıcılığı boyunca məşhur rəssamların əsərlərinin də xalça versiyalarını hazırlayıb. Onun daha çox müraciət etdiyi rəssam isə SSRİ Xalq rəssamı Tahir Salahov olub. Daim yaradıcılıq axtarışında olan rəssam səkkiz ilə T.Salahovun 50 əsərinin xalça versiyasını ərsəyə gətirib.

Rəssamın yaradıcılığında mənzərə janrı ilə portret janrının vəhdətini də müşahidə etmək olar. Müəllifin “Dörd fəsil” adlı əsəri mövzusu və yanaşma tərzi ilə seçilən maraqlı nümunələrdəndir. Əsərdə rəssam insan ömrünün dörd fəsildən – yaz, yay, payız və qışdan necə keçməsini canlandırıb...

F.Abasquluzadənin rəsm və xalçaları ölkəmizlə yanaşı, Özbəkistan, Yaponiya, Rusiya, Almaniya, Türkiyə, İran, Koreya, İtaliya və İsraildə sərgilənib. Bir sıra əsərləri xarici ölkələrdə muzeylərdə və şəxsi kolleksiyalarda qorunub saxlanılır. Azərbaycanda Şəki Tarix-Diyarşünaslı Muzeyi, Fransanın Luvr Muzeyi, Türkiyənin Topqapı Muzeyi, İranda M.Şəhriyarın Ev-Muzeyi də rəssamın əsərlərinə ev sahibliyi edir.

Sənətinə böyük sevgisi olan F.Abasquluzadə bu gün də yeni-yeni əsərlər yaradır. Rəssamın böyük oğlu Tural Abasquluzadə də atasının sənət yolunu davam etdirir.

Ziyarət Cabarova
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı