Sumqayıt Dövlət Dram Teatrında Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir” vodevili əsasında hazırlanmış tamaşanın premyerası noyabrın 27-də olub.

Rejissor Fuad Kazımovun quruluş verdiyi tamaşa Sumqayıt Musiqi Kollecinin kollektivi ilə birgə  layihə kimi ərsəyə gəlib. Nümayişdən əvvəl çıxış edən teatrın direktoru səlahiyyətlərini icra edən Əməkdar artist Vidadi Məmmədov və rejissor Fuad Kazımov uğurlu əməkdaşlığa görə təhsil ocağının kollektivinə təşəkkür edib, belə aksiyaların gənclərin teatra cəlbində olunmasında əhəmiyyətini vurğulayıblar.

Tamaşada diqqətçəkən məqamlardan biri də səhnədə canlı musiqi ilə müşayiət olub. Könül Bəkirovanın rəhbərlik etdiyi musiqi qrupu tamaşaya fərqli ovqat verə bilib. Səhnə nümunəsinin  quruluşçu rəssamı Nizami Dadaşov, icraçı rəssamı Arif Müzəffərov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. İki heyətlə qurulan tamaşanın premyerasında rolları Elay Xasıyev, Vəfa Qurbanova və Elmir Mehdiyev ifa ediblər.