Bölgələrdəki mədəniyyət müəssisələrində istiqlal şairi Əhməd Cavadın (1892-1937) 130 illik yubileyi münasibətilə bir sıra tədbirlər keçirilib.

Xaçmaz RMİ Şabran Rayon Mədəniyyət Mərkəzində “İstiqlal şairi Əhməd Cavad” adlı tədbir keçirilib. “Şabran” instrumental ansamblı solistlərinin ifasında Ə.Cavadın şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib. Şabran xalq teatrının üzvləri tərəfindən şairin həyat yoldaşı Şükriyyə xanımın həyatından bəhs edən səhnə nümayiş olunub.

***

Şəki RMİ M.F.Axundzadə adına Şəki Şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Ələsgər Abdullayev adına Diyarşünaslıq evində “Çırpınırdın, Qara dəniz” mövzusunda tədbir keçirilib. Şəki şəhər 9 saylı tam orta məktəbin müəllimi Aida Bilalova şairin həyat və yaradıcılığı haqqında məlumat verib.

Şagirdlər şairin şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər.

***

Lənkəran RMİ Lənkəran şəhər Göyşaban kənd Yaradıcılıq evi və M.F.Səhban adına Göyşaban kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə Əhməd Cavadın 130 illiyi münasibətilə tədbir keçirilib. Şairin şah əsəri olan Dövlət himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə Əhməd Cavadın timsalında Azərbaycanın istiqlalı, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Lənkəran RMİ-nin rəisi Şahin Şahbazov şairin yüksək vətənpərvərlik qayəsindən, xalqa, dövlətçiliyimizə sədaqətindən bəhs edib.

Göyşaban kənd Yaradıcılıq evinin dərnək üzvlərinin və məktəbin şagirdlərinin hazırladığı bədii hissə təqdim olunub. Sonda şairin həyat və yaradıcılığından bəhs edilən film nümayiş etdirilib.

N.Məmmədli