Azərbaycanın dünya şöhrətli bəstəkarı, simfonik muğam janrının banisi, SSRİ Xalq artisti Fikrət Əmirovun (1922-1984) 100 illiyinə həsr olunan tədbirlər davam edir.

Ağcabədi RMİ Ağdam rayon Gülablı kənd Uşaq musiqi məktəbində də Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

***

Sumqayıt Regional Mədəniyyət İdarəsi (RMİ) Abşeron rayon Mehdiabad qəsəbə Uşaq musiqi məktəbi müəllim və şagird kollektivinin iştirakı ilə bəstəkarın yubileyinə həsr olunmuş konsert keçirilib. Məktəbin xanəndə ixtisası üzrə müəllimləri Zabitə Əhmədli F.Əmirovun “Gülür ellər”, Sadiq Qasımov isə bəstəkarın “Şeyx Sənan” tamaşasına yazdığı “Kor ərəbin mahnısı”nı səsləndirib. Həmçinin l sinif şagirdlərindən ibarət ansambl tərəfindən “Qatar”, xanəndə, skripka, fortepiano ixtisası üzrə şagirdlər isə “Mən səni araram”, “Aslanın mahnısı”, “Reyhan”, “Xatirə” və s. əsərlər təqdim edilib.

***

Şəki RMİ Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə “Fikrət Əmirov-100” adlı tədbir keçirilib. Məktəbin müəllim və şagirdlərinin ifasında bəstəkarın əsərləri səsləndirilib. Sonda Şəki RMİ-nin rəisi Azər Yusubov çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, kollektivə uğurlar arzulayıb.

***

Gəncə RMİ Goranboy şəhər Uşaq incəsənət məktəbində Fikrət Əmirovun 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Məktəbin direktoru Sevinc Zeynalova bəstəkarın həyat yolu və zəngin yaradıcılığından bəhs edib.

Gəncə şəhər MKS-nin 11 saylı kitabxana filialında “Fikrət Əmirovun musiqi dünyası” adlı sərgi təşkil olunub. Sərgidə bəstəkarın həyat və yaradıcılığını əks etdirən kitablar nümayiş olunub.

***

Biləsuvar RMİ Neftçala rayon Camal İsmayılov adına Uşaq incəsənət məktəbində bəstəkarın yubileyinə həsr olunan ədəbi-bədii kompozisiya təşkil edilib. Şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olunub.

Nurəddin Məmmədli