Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

512 il əvvəl...

2 dekabr 1510-cu ildə Səfəvi qoşunları ilə Xorasanda hakim olan Şeybanilər (özbək) ordusu arasında Mərv döyüşü olub. Səfəvi qoşunları qalib gəliblər və Xorasan vilayəti Səfəvi imperatorluğunun tərkibinə qatılıb. Bununla Şah İsmayıl indiki İranın bütün ərazisini öz hakimiyyəti altına alıb.

 

214 il əvvəl...

4 dekabr 1808-ci ildə İspaniyanı işğal edən Napoleon Bonapart ölkədəki inkvizisiya məhkəməsini ləğv edib. Bu, Avropadakı sonuncu inkvizisiya məhkəməsi idi. Roma Katolik Kilsəsinin tabeçiliyində olan və dinə qarşı çıxanların mühakimə edən inkvizisiyanın ləğvi Napoleonun nüfuzunu artırdı.

 

102 il əvvəl...

2 dekabr 1920-ci ildə Mustafa Kamalın rəhbərliyi altındakı Türkiyə qoşunları məğlubiyyətə uğratdığı (müharibə 23 sentyabrda başlamışdı) daşnak Ermənistan dövlətini Gümrüdə təslimçi sülh sazişi imzalamağa məcbur edib. Bu sazişlə erməni tərəf Sevr müqaviləsindən (10 avqust 1920-ci ildə Antanta ilə Osmanlı arasında bağlanan müqavilədə Qars vilayətinin Ermənistana verilməsi barədə müddəa da vardı) imtina edir, üstəlik Gümrünü Türkiyəyə verməyə razılaşırdı. Lakin daşnaklar bu sazişi imzalayanda ölkədə faktiki hakimiyyəti itirmişdilər, İrəvanda sovet hakimiyyəti (29 noyabr) qurulmuşdu. Sovet Ermənistanı Rusiyanın dəstəyi ilə Gümrü sazişini rədd etsə də, bir il sonra Qars müqaviləsi (16 mart 1921) ilə Türkiyəyə iddialarından vaz keçdi, amma Gümrünü əlində saxlamağı bacardı.

 

95 il əvvəl...

2 dekabr 1927-ci ildə SSRİ kommunistlərinin (Ümumittifaq Kommunist (bolşevik) Partiyası) 15-ci qurultayı işə başlayıb. Dekabrın 19-dək sürən qurultayın qəbul etdiyi başlıca qərar kənd təsərrüfatında kollektivləşmə kursunun elan edilməsi oldu. Qurultaydan sonra SSRİ-də kolxoz quruculuğu başlandı.

 

93 il əvvəl...

5 dekabr 1929-cu ildə Tacikistan SSR yaranıb. Bu, Tacikistanın tarixində ilk formal dövlətçilik institutu idi. 1918-ci ildə Tacikistanın şimalında sovet hakimiyyəti qurulmuş və daha sonra bölgə Türkmənistanın MSSR-in tərkibinə daxil olmuş, Tacikistanın cənub bölgələri isə Özbəkistan SSR-in tərkibində qalmışdı. 1924-cü ildə Stalin Orta Asiyanın yeni sərhədlərini çəkdi və Tacikistan torpaqları birləşdirilərək Özbəkistan SSR tərkibində muxtar respublika statusu aldı. 1929-cu ildə Tacikistan MSSR müttəfiq respublikaya çevrildi.

 

69 il əvvəl...

2 dekabr 1953-cü ildə Fransanın müstəmləkəsi Laos müstəqilliyini elan edib. 1893-cü ildə Fransanın müstəmləkəsinə çevrilən Laos İkinci Dünya müharibəsində Yaponiyanın işğalı altına düşmüş, 1946-cı ildə Fransanın nəzarətinə keçmişdi.

 

51 il əvvəl...

2 dekabr 1971-ci ildə Ərəbistan yarımadasının şimal-şərqində yerləşən altı ərəb əmirliyinin vahid dövləti – Birləşmiş Ərəb Əmirlikləri yaradılıb. BƏƏ federativ dövlət quruluşuna malikdir, Əbu-Dabi (ölkənin paytaxtı), Dubay və Şərca daha çox inkişaf etmiş əmirliklərdir.

 

26 il əvvəl...

2-3 dekabr 1996-cı ildə ATƏT-in Lissabonda (Portuqaliya) keçirilən sammitinin yekununda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə bəyanat qəbul edilib. Sammitin yekun sənədində nizamlamanın üç prinsipini ehtiva edən maddə yer almışdı: Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət verilir, bölgənin hər iki icmasının təhlükəsizliyi təmin olunur. Ermənistan konsensus prinsipindən sui-istifadə edərək, həmin maddəyə razılıq vermədi. Nəticədə bu maddə ATƏT-in sədri, İsveçrə XİN başçısı Flavio Kottinin xüsusi bəyanatı şəklində qəbul olundu.

 

14 il əvvəl...

2-3 dekabr 2008-ci ildə Bakıda Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” adlı konfransı keçirilib. Azərbaycan tərəfdən konfransa İslam ölkələri də dəvət olunub. Beləliklə, ilk dəfə Avropa və müsəlman ölkələrinin mədəniyyət nazirləri bir araya gəliblər. Konfransda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mədəniyyətlərarası dialoq üzrə “Bakı Prosesi”nin əsası qoyulub.

Hazırladı: V.Orxan