Türkmənistanda keçirilən beynəlxalq festivalda ölkəmiz də təmsil olunub

 

28-30 noyabr tarixlərində Aşqabadda Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun təşəbbüsü və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Milli musiqi sənəti dünya xalqlarının irsində” adlı beynəlxalq festival və konfrans keçirilib. Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin “Mükamlar” sarayında gerçəkləşən tədbirə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Tatarıstan (Rusiya Federasiyası), Özbəkistan və İrandan rəsmi nümayəndələr, mədəniyyət, incəsənət xadimləri qatılıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təqdimatı əsasında ölkəmizi festivalda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib. Tədbirdə AMM-in inzibatçısı Yusif Məmmədov, azərbaycanlı ifaçılar Vahid Əliyev, Fatimə İsgəndərova və Özbəkistanda yaşayan saz ifaçısı İlham Abdullayev iştirak ediblər.

Mərkəzdən verilən məlumata görə, açılış mərasimində Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun iştirakçılara təbriki oxunub.

Sonra “Mükamlar” sarayının səhnəsində konsert olub. Zəngin mədəni proqramda müxtəlif xalqların musiqi əsərlərinin rəngarəngliyi, ifaçılıq sənətinin nümunələri nümayiş olunub.

Azərbaycan və Türkiyə musiqi kollektivlərinin, Qızılorda vilayəti (Qazaxıstan), A.Curayev adına Tacikistan Dövlət Filarmoniyasının, Xarəzm Musiqili Dram Teatrının (Özbəkistan) xalq musiqisi ansambllarının, Qırğızıstandan “Etno-Oş” folklor-etnoqrafiya qrupunun çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. “Türk dünyası” musiqi və rəqs qrupunun sənətçiləri tamaşaçılara gözəl türk rəqsləri təqdim ediblər. Azərbaycan sənətçiləri xalq mahnılarımızı, saz havalarını ifa ediblər.

“Milli musiqi sənəti dünya xalqlarının irsində” beynəlxalq festival və konfransının təntənəli bağlanış mərasimində iştirakçılara diplomlar təqdim edilib, Türkmənistan incəsənət ustalarının konserti keçirilib.