Türkiyənin nüfuzlu ali təhsil ocaqlarından olan Ankara Universitetinin rektoru professor Nejdet Ünüvar Azərbaycanda da tanınan isimlərdəndir. Rektor olmazdan öncə Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri vəzifəsini yerinə yetirib. Nejdet Ünüvarla müsahibəmizdə Azərbaycanla Türkiyə arasında təhsil əlaqələri və digər məqamlara toxunduq.

 

– Nejdet bəy, yeddi il Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri olmusunuz. Ölkələrimiz arasındakı münasibətlər barədə fikirlərinizi bilmək istərdik?

– Biz həmişə Azərbaycanın güclənməsi ilə fəxr etmişik. Çünki Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir, fərqli coğrafiyalarda olsaq da, qəlblərimiz bir döyünür. Odur ki, Azərbaycanla Türkiyə milli və beynəlxalq arenada hər sahədə bir-birini dəstəkləyib, bundan sonra da dəstəkləyəcək. Tarixən olduğu kimi, bu gün də sevincimizi də, kədərimizi də bir-birimizlə bölüşürük.

Azərbaycan dövləti xalqının birliyi və həmrəyliyi, mərhum Heydər Əliyevin əzmli liderlik mövqeyi və onun siyasi kursunun bu gün layiqincə davam etdirilməsi sayəsində Qafqazın parlayan ulduzu kimi öz layiqli yerini tutub. Türkiyə-Azərbaycan münasibətləri də parlamağa, yüksəlməyə davam edir. Ankara Universiteti olaraq azərbaycanlı qardaşlarımıza bütün imkanları yaratmağa çalışırıq. Biz təkcə universitetlərlə deyil, aidiyyəti qurumlarla da sıx əlaqə saxlayırıq. Mən də uzun illər Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri və bu gün də Türkiyənin ən böyük universitetlərindən birinin rektoru kimi bu əlaqələrdə müəyyən rol oynamaqdan qürur duyuram.

 

– Ankara Universitetində Azərbaycandan olan müəllim və tələbələrin sayı nə qədərdir?

– Hazırda universitetimizdə təhsil alan azərbaycanlı tələbələrin sayı 397 nəfərdir. Bunlardan 327-si bakalavr təhsilini davam etdirir, biri isə hazırlıq kursundadır. 42 nəfər isə magistratura təhsili alır və onlardan 40-ı dissertasiya işi üzərində işləyir. 27 nəfər isə doktorantura səviyyəsində təhsilini davam etdirir. Azərbaycandan ölkəmizə gələn və universitetimizin müxtəlif fakültələrində çalışan 7 müəllimimiz var.

 

– Oktyabrda Ərzincanda keçirilən Beynəlxalq Türk Dünyası Simpoziumunun iştirakçısı oldunuz. Müzakirə edilən məsələlərin Türk dünyasına nə kimi töhfəsi ola bilər?

– Beynəlxalq Türk Dünyası Simpoziumu Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin himayəçiliyi ilə Ərzincan Binəli Yıldırım Universitetinin ev sahibliyində keçirildi. Simpoziumda Türk dünyasının dili, tarixi, mədəniyyəti, incəsənəti, təhsili və digər sahələrdə elmi tədqiqatlar üçün ortaq zəmin yaratmaq istiqamətində araşdırmalar təqdim olundu. Türk Dövlətləri Təşkilatının 2040-cı il baxışına dair birgə protokola əsaslanaraq rasional, tətbiq oluna bilən təkliflər və ortaq düşüncə ilə bağlı layihələrin nələrdən ibarət ola biləcəyinə diqqət yetirildi. Biz Türkiyə-Azərbaycan arasında hər sahədə yüksək səviyyəli əməkdaşlığa töhfə verməyi hədəfləyirik.

 

– 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Heydər Əliyev vaxtilə Ankara Universitetinin həyətində ağac əkib.  Ümummilli liderimizlə bağlı xatirələriniz varmı?

– Heydər Əliyev 16 mart 2001-ci ildə Ankara Universitetinin rektorluğu qarşısında mavi ladin ağacı əkib. Ötən ilin may ayında prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin Şuşaya səfərində mən də iştirak edirdim. Səfərimiz zamanı oradakı dostlarımızdan biri dedi ki, Heydər Əliyev 1996-cı ildə qatıldığı bir tədbirdə “Şuşanın azadlığı mənim ən böyük arzumdur” deyib. O anda düşündüm ki, Şuşadan torpaq götürək və Heydər Əliyevin xatirəsinə ehtiram olaraq universitetimizin bağçasında əkilmiş həmin ağacın dibinə tökək. Elə də etdik. Şuşadan və Bakıdan götürdüyümüz torpağı ölkənizin keçmiş baş naziri, diplomat Həsən Həsənov, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, eləcə də alim və tələbələrimizin iştirakı ilə Heydər Əliyevin yadigarı olan ağacın dibinə tökdük.

Bu gün Azərbaycan, mərhum Heydər Əliyevin əkdiyi ağac kimi, günü-gündən böyüyür və bu, bizi sevindirir. İnşallah, Türk dünyası da bu ağac kimi böyüyəcək, insanlıq üçün öz töhfəsini verəcək. Çünki türkün missiyası getdiyi yerə sülh və qardaşlıq aparmaqdır. Türklər hər zaman sülhün, azadlığın, hürriyyətin tərəfdarı olublar və getdikləri yerdə öz izlərini qoyublar.

Mehparə Sultanova
Ankara