Bu il Azərbaycan milli mətbuatının böyük nümayəndəsi, görkəmli publisist, maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin (1872-1937) anadan olmasının 150 illiyidir. Prezident İlham Əliyev Ö.F.Nemanzadənin yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 Maarif və mətbuat fədaisi Azərbaycan ictimai fikrinin inkişafında, milli mədəniyyətimizin tərəqqisində, yeni ideyaların möhkəmlənməsində mühüm rol oynamış görkəmli şəxsiyyətlərdən biridir. O, türk xalqlarının gələcəyi üçün dərindən narahatlıq keçirən əsl vətənpərvər ziyalı idi. Öz həmvətənlərini dünyanın azad, demokratik düşüncəli, yüksək elmə, maarifə və mədəniyyətə mənsub xalqları sırasında görmək istəyirdi. Ədibin dil məsələsinə olduqca həssas və milli təəssübkeşliklə yanaşması bütövlükdə həm də “Molla Nəsrəddin” jurnalının ana dili ilə bağlı əsas ideoloji mübarizəsini özündə əks etdirirdi.

Dövlət başçısının müvafiq sərəncamına əsasən Mədəniyyət Nazirliyinin hazırladığı Tədbirlər planına uyğun olaraq Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Ömər Faiq Nemanzadə – 150” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə rəsmi sənəd, fotolar, Ö.F.Nemanzadənin əsərləri, eləcə də həyat və yaradıcılığı haqqında kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərginin linki: http://anl.az/el/vsb/Omer_Faiq_Nemanzade_150/index.htm