Xəbər verdiyimiz kimi, görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Rauf Hacıyevin (1922-1995) 100 illiyi haqqında ölkə başçısının sərəncamının icrası ilə bağlı Mədəniyyət Nazirliyinin tədbirlər planı çərçivəsində 3-27 dekabr tarixlərində musiqi festivalı keçirilir.

“Rauf Hacıyev – 100” musiqi festivalının ilk günü Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində “Qafqazlı qardaşqızı” operettası təqdim edilib.

Bəstəkarın 1969-cu ildə yazdığı operetta sovet dövründə “Təbəssümünü gizlətmə” adı ilə tamaşaya qoyulmuşdu. Uzun müddət sonra operetta 2015-ci ildə Əməkdar artist, rejissor Əli Usubovun quruluşunda yenidən səhnələşdirilib və “Qafqazlı qardaşqızı” adı altında teatrın repertuarına daxil olub.

Tamaşadan əvvəl Akademik Musiqili Teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova festivalı açıq elan edib və “Qafqazlı qardaşqızı” operettası haqqında məlumat verib.

Mədəniyyət Nazirliyinin əməkdaşı, musiqişünas Turan Məmmədəliyeva musiqi festivalı və Rauf Hacıyevin yaradıcılığı barədə çıxış edib.

Sonra “Qafqazlı qardaşqızı” operettası nümayiş olunub.

Tamaşanın dirijoru Fəxrəddin Atayev, xormeysteri Vaqif Məstanovdur. Rolları Nərgiz Kərimova (Lalə), Nicat Həbibov (Arif), Emil Heydərov (Bəbirli), Mehriban Zalıyeva (Natəvan), Rauf Babayev (Buba), Svetlana Bulax (Bibixanım), Boris Qrafkin (Rüstəmov), Əliməmməd Novruzov (Hətəmov), Firuz Məmmədov (Cavanşirov) oynayırlar.

Sonda rejissor Əli Usubov, Rauf Hacıyevin ailə üzvləri və tamaşanın yaradıcı heyəti səhnəyə dəvət edilib, kollektiv foto çəkdirilib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi təşkilatçılığı ilə “Rauf Hacıyev – 100” musiqi festivalının konsert və tamaşaları Bakı və Gəncə şəhərlərində keçiriləcək.