Balakən Rayon Mədəniyyət Mərkəzində narkomaniyanın fəsadlarından bəhs edən “Külə dönmüş arzular” tamaşası nümayiş olunub. Tamaşadan əvvəl Şəki RMİ-nin Balakən rayonu üzrə nümayəndəsi Şəfəq Hacıyeva, rayon Polis şöbəsinin inspektoru, polis kapitanı Sahil Babayev çıxış edərək bəşəri bəlaya qarşı aparılan mübarizə tədbirlərindən danışıblar. Qeyd olunub ki, sağlam həyat tərzinin təbliği, gənclərin sağlam ruhda tərbiyə olunması diqqət mərkəzində saxlanılmalıdır.

Pakizə Hüseynova və Mirzəağa Məmmədovun ssenarisi əsasında hazırlanan tamaşada Mədəniyyət Mərkəzinin könüllüləri və Humanitar və texniki təmayüllü liseyin şagirdləri çıxış ediblər. Mərkəzin işçisi Zöhrə Bakeyevanın quruluş verdiyi səhnə işi maraqla qarşılanıb.

***

Gəncə şəhər MKS-nin 6 saylı Gənclər kitabxana filialında “Narkomaniya elə bəladır ki, ömrü sonlandırır!” başlığı altında tədbir təşkil edilib. Çıxışlarda sağalmaz yara olan narkomaniyadan necə qorunmağın yolları haqqında məlumat verilib, gənclərə bu bəladan uzaq olmaları tövsiyə edilib.

***

Astaradakı Heydər Əliyev Mərkəzi və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib. Çıxışlarda narkotik maddələrin sağlamlığa zərərləri barədə ətraflı məlumat verilib. Sonra tədbir iştirakçıları “Narkomaniya bəşəriyyətin bəlasıdır!” mövzusunda sərgi ilə tanış olublar.

***

Quba Tarix-Diyarşünaslıq Muzeyi Quba şəhər 5 saylı tam orta məktəbdə “Narkomaniyaya və zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda tədbir keçirib. Muzeyin elmi işçisi Günay Hacıyeva əsrin bəlasına çevrilən narkomaniya və zərərli vərdişlərin yeniyetmə və gənclərə mənfi təsirindən qurtulmaq və mübarizə aparmağın vacibliyini vurğulayıb.

N.Məmmədli