BMT Baş Assambleyasının 1992-ci ildə qəbul etdiyi qətnamə ilə 3 dekabr Beynəlxalq Əlillər Günü elan olunub. Məqsəd cəmiyyəti fiziki məhdudiyyətli insanların problemlərinin həllinə cəlb etmək, onların hüquqlarını qorumaqdır. Bu gün ölkəmizdə də hər il qeyd edilir.

Gəncə RMİ Samux Rayon Mədəniyyət Mərkəzində “Əlillərə qayğı göstərək!” adlı tədbir təşkil olunub. Bildirilib ki, Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Diqqətə çatdırılıb ki,  Azərbaycan BMT Baş Assambleyası tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya da qoşulub.

***

Sumqayıt RMİ N.Nərimanov adına Sumqayıt Şəhər Mədəniyyət Mərkəzinin tabeliyindəki “Dostluq” Mədəniyyət evinin kollektivi “Bank Respublika”nın Sumqayıt filialının dəstəyi ilə Abşeron rayon Saray qəsəbəsində yerləşən Fiziki və əqli qüsurlu uşaqlar üçün 2 saylı internat evində konsert proqramı ilə çıxış edib.

***

Masallı RMİ Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Hər birimizin yaşamaq haqqı var” mövzusunda tədbir keçirilib. Çıxışlarda ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərdən söz açılıb.

***

Biləsuvar RMİ Salyan Rayon Heydər Əliyev Mərkəzində “Əlil olmaq yaşamaq üçün əngəl deyil” adlı tədbir keçirilib. Tədbir çərçivəsində “Murad” Əlillər İctimai Birliyi üzvlərinin əl işlərindən ibarət satış-sərgi açılıb.

***

Ağstafa RMİ Tovuz Dövlət Rəsm Qalereyasında keçirilən “Sevgi hər əngəli aşar” adlı tədbirdə dərnək üzvləri mövzu ilə əlaqədar rəsmlər çəkiblər.

***

Sabirabad RMİ Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbi, rayon Uşaq və ailələrə dəstək mərkəzi və “Günərzi” qayğı mərkəzinin birgə təşkilatçılığı ilə “Biz də hamı kimiyik” adlı tədbir keçirilib. Musiqi məktəbinin şagirdləri rəngarəng musiqi, rəqs nömrələri və “O olmasın, bu olsun” filmindən səhnəcik təqdim ediblər. Sonda əlil uşaqlara hədiyyələr verilib.

Nurəddin Məmmədli