Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

141 il əvvəl...

6 dekabr 1881-ci ildə Bakıda “Nobel Qardaşları Cəmiyyəti” tərəfindən ilk telefon rabitə xətti istifadəyə verilib. Prezident İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli sərəncamı ilə 6 dekabr “Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü” elan edilib.

 

105 il əvvəl...

6 dekabr 1917-ci ildə çar Rusiyasının müstəmləkəsi Finlandiya müstəqilliyini elan edib. Finlandiya 1809-cu ildə Rusiya-İsveç müharibəsi gedişində İsveç Krallığının nəzarətindən çıxarılaraq muxtar knyazlıq statusu ilə Rusiyaya birləşdirilmişdi. Oktyabr inqilabından sonra bolşeviklər Finlandiyanın müstəqilliyinə razı oldular. 1919-cu ildə Finlandiya respublika elan edildi.

 

104 il əvvəl...

7 dekabr 1918-ci ildə Bakıda milyonçu Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbinin binasında (indiki AMEA-nın Əlyazmalar İnstitutu) Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti fəaliyyətə başlayıb. “Müsavat” fraksiyasının (lideri M.Ə.Rəsulzadə) təklifi ilə Əlimərdan bəy Topçubaşov sədr, Həsən bəy Ağayev onun müavini seçilib. İclasda müvəqqəti Nazirlər Şurasının istefası qəbul edilib və yeni (üçüncü) hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırılıb. 120 yerlik parlament ölkə əhalisinin 24 min nəfərinə 1 deputat olmaqla formalaşmış və 80 azərbaycanlı, 21 erməni, 10 rus deputat yeri, alman, yəhudi, gürcü və polyak icmalarının hərəsinə 1 yer, həmkarlar və neft sənayeçiləri üçün 5 yer nəzərdə tutulmuşdu. Bu, müsəlman Şərqində demokratik əsaslı ilk parlament idi. Parlamentdə 11 fraksiya vardı.

 

101 il əvvəl...

6 dekabr 1921-ci ildə Britaniya hökuməti İrlandiyanın bir hissəsinə dominionluq (muxtar özünüidarə) statusunun verilməsinə razı olub. İmzalanan sazişə əsasən, cənubi və mərkəzi İrlandiyanın 26 qraflığı “Azad İrlandiya” adlı dominon-dövlət statusu aldı. 6 qraflıqdan ibarət Şimali İrlandiya isə Britaniyanın tərkibində qaldı. 1949-cu ildə “Azad İrlandiya” müstəqil dövlətə – İrlandiya Respublikasına çevrildi.

 

81 il əvvəl...

7 dekabr 1941-ci ildə ABŞ II Dünya müharibəsində ən böyük itkiyə məruz qalıb. ABŞ Hərbi Hava Qüvvələrinin Havay adalarındakı (Sakit okean) Perl-Harbor bazası Yaponiya təyyarələrinin qəfil hücumuna məruz qalıb. Təxminən iki saat sürən bombardman nəticəsində ABŞ-ın bazadakı donanması (18 gəmi, 200 təyyarə) sıradan çıxarılıb. 3400-ə yaxın amerikalı hərbçi həlak olmuşdu. Amerikalılar Perl-Harborun qisasını almaq üçün dörd il gözləməli oldular və 1945-ci ilin avqustunda Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə nüvə bombası atdılar.

 

34 il əvvəl...

7 dekabr 1988-ci ildə Ermənistanda güclü zəlzələ olub. Rəsmi statistikaya görə, episentri Spitak şəhərində olan 7-8 bal gücündə zəlzələ nəticəsində 25 minə yaxın adam həlak olmuşdu. Bu hadisə ilə dünyanın humanitar diqqətini özünə cəlb edən Ermənistan azərbaycanlıların deportasiyasını başa çatdırdı, dünya isə bunu faktiki olaraq görmədi. Ən acınacaqlısı isə odur ki, buna rəğmən həmin günlərdə (11 dekabr) Azərbaycan Ermənistana yardım əlini uzatdı. Lakin ermənilər Azərbaycandan gələn İl-76 təyyarəsini hava limanına eniş öncəsi yanlış koordinata yönəltdilər və baş verən qəza nəticəsində 77 nəfər (hərbçi, xilasedici və ekipaj) həlak oldu.

 

31 il əvvəl...

8 dekabr 1991-ci ildə Belarusun Brest şəhəri yaxınlığındakı “Belovejskaya puşşa” qoruğundakı “Viskuli” hökumət iqamətgahında Rusiya, Ukrayna və Belarusun rəhbərləri Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında” bəyanat imzalayıblar. Həmin sənədlə SSRİ-nin təşkilinə dair 1922-ci il 30 dekabr tarixli ittifaq müqaviləsinə xitam verilib. SSRİ rəhbəri Mixail Qorbaçov bu qərarın antikonstitusion olduğunu bildirsə də, artıq fakt baş vermişdi. Sovet İttifaqı yaranmasının 69-cu ildönümünə üç həftə qalmış süqut etdi. Slavyan üçlüyünün qərarına birinci olaraq Qazaxıstan qoşuldu. Dekabrın 21-də isə 11 sovet respublikasının rəhbərləri Almatıda toplanaraq MDB-nin təsis olunması barədə qərar qəbul etdilər. Baltikyanı respublikalar imtina etdilər, Gürcüstan isə 1993-cü ildə MDB-yə daxil oldu.

Hazırladı: V.Orxan