Dekabrın 3-də Azərbaycan Milli Xalça Muzeyində “Şuşanın tanınmış soyları” layihəsi çərçivəsində Vəzirovlar soyuna həsr olunmuş mühazirə dinlənilib.

Mühazirədə Vəzirovlar soyunun tanınmış nümayəndəsi, görkəmli yazıçı, dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə ilk səfiri Yusif Vəzir Çəmənzəminlinin (1887-1943) çoxşaxəli fəaliyyətindən bəhs edilib.

Tədbirdə Vəzirovlar nəslinin nümayəndələri, Yusif Vəzir Çəmənzəminlinin şəcərəsinin davamçıları, diplomat Yusif Vəzirov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Leyla Vəzirova çıxış ediblər.

Bildirilib ki, Yusif Vəzirin daşıdığı Vəzirov soyadının mənşəyi ulu babaları, XVIII əsr Qarabağ hökmdarı İbrahimxəlil xanın vəzirlərindən olmuş Mirzə Əliməmmədağanın tutduğu bu vəzifənin adı ilə bağlı olaraq nəsildən-nəslə keçib. Yusif Vəzirin atası Mirbaba Mirabdulla oğlu Vəzirov Şuşa bəylərindən olub. Onun bəyliyi 1873-cü il aprelin 13-də Şuşa qəza idarəsi tərəfindən təsdiq edilib və bu haqda şəhadətnamə alıb.

Yusif Vəzir Çəmənzəminli Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bir müddət mühacirətdə yaşayıb. 1926-cı ildə Azərbaycana qayıdıb. Yaradıcılıq fəaliyyəti ilə məşğul olub. “İki od arasında” (“Qan içində”) tarixi romanı, “Qızlar bulağı”, “Bir cavanın dəftəri” və s. əsərlərin müəllifidir.

1940-cı ildə Yusif Vəzir həbs olunub, 1943-cü ildə Rusiyanın Nijni Novqorod vilayətində həbs düşərgəsində vəfat edib.

Professor Leyla Vəzirova mühazirədən sonra “Çəmənzəminlinin publisistikası” kitabını Azərbaycan Milli Xalça Muzeyinə təqdim edib.