Azərbaycan

 

10 dekabr 1916 – Əməkdar artist Firuzə Xanlar qızı Bədirbəyli (1916-1992) Şəmkir rayonunun Morul kəndində doğulub. Gəncə Dövlət Dram Teatrının aktrisası olub.

10 dekabr 1918 – Xalq artisti, tanınmış opera müğənnisi Gülxar İbrahim qızı Həsənova (1918 – 30.3.2005) Şəmkir rayonunda anadan olub. Gənc Tamaşaçılar Teatrında səhnə fəaliyyətinə başlayıb. 1942-1980-ci illərdə Akademik Opera və Balet Teatrının solisti olub, filmlərdə, televiziya tamaşalarında çəkilib.

10 dekabr 1924 – Xalq şairi, dramaturq, Dövlət mükafatları laureatı Nəbi Xəzri (Nəbi Ələkbər oğlu Babayev; 1924 – 15.1.2007) Bakının Xırdalan qəsəbəsində doğulub. Kitabları: “İllər və sahillər”, “Ulduz karvanı”, “Ağ şimşəklər” və s. “Mirzə Şəfi Vazeh”, “Torpağa sancılan qılınc” və s. pyeslərin müəllifidir. Respublika Televiziya və Radio Verilişləri Komitəsinin sədri olub.

10 dekabr 1935 – Əməkdar rəssam, Dövlət mükafatı laureatı Fikrət Bağır oğlu Bağırov (1935-1996) anadan olub. “Azərbaycanfilm”də kino rəssamı işləyib. Bədii tərtibat verdiyi filmlər: “Şərikli çörək”, “Həyat bizi sınayır”, “İstintaq”, “Güllələnmə təxirə salınır!” və s.

10 dekabr 1996 – Əməkdar incəsənət xadimi, şair, dramaturq İsgəndər Coşqun (İsgəndər Məhəmməd oğlu Hümmətov; 1927-1996) vəfat edib. “Gəmidə söhbət”, “Qığılcımlar”, “Nəğmə dolu ürək” və s. kitabların müəllifidir.

 

11 dekabr 1918 – Xalq yazıçısı, Dövlət mükafatı laureatı Bayram Salman oğlu Bayramov (1918 – 9.11.1994) Ağdam rayonunun Şıxavənd kəndində anadan olub. “Yarpaqlar”, “Arakəsmələr”, “Karvan yolu”, “Tək palıdın kölgəsi”, “Cıdır düzü” və s. romanların müəllifidir. “Mən ki gözəl deyildim”, “Firəngiz”, “Onun bəlalı sevgisi” filmlərinin ssenarisini yazıb.

11 dekabr 1933 – Görkəmli yazıçı-dramaturq, publisist Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev (17.5.1870 – 1933) vəfat edib. “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Pəri cadu” və s. pyeslərin müəllifidir.

11 dekabr 1972 – Əməkdar artist Müxlis Sabir oğlu Cənizadə (26.11.1928 – 1972) vəfat edib. “Dəli Kür”, “Yenilməz batalyon” və s. filmlərdə çəkilib, filmlərin səsləndirilməsində iştirak edib.

11 dekabr 2002 – Moskvada, İttifaqlar Evinin Sütunlu salonunda Azərbaycan və Rusiya incəsənət ustalarının iştirakı ilə görkəmli bəstəkarlar Fikrət Əmirovun 80, Niyazinin 90 illiyinə həsr olunmuş konsert keçirilib.

 

12 dekabr 1926 – Əməkdar mədəniyyət işçisi Aşıq Pənah (Əlipənah Ələsgər oğlu Pənahov; 1926 – 26.8.1978) Salyan rayonunda doğulub. Salyan Dram Teatrında çalışıb. “Kür” aşıqlar ansamblını yaradıb.

12 dekabr 1927 – Əməkdar mədəniyyət işçisi Alp Məcid oğlu Ağamirov (1927-2000) anadan olub. Azərbaycan Televiziyasında baş redaktor işləyib.

12 dekabr 1931 – Tanınmış aktyor Tələt Əliağa oğlu Rəhmanov (1931 – 13.11.1995) Bakıda anadan olub. “Arşın mal alan” (1965), “Qayınana”, “Kişi sözü” və s. filmlərdə çəkilib.

12 dekabr 1936 – Əməkdar rəssam Qüdrət Hacıbəy oğlu Məmmədov (1936 – 20.2.2021) Şəki şəhərində anadan olub. Uzun illər Şəki Dövlət Dram Teatrının baş rəssamı işləyib.

12 dekabr 1937 – Şair, tərcüməçi Əhəd Muxtar (Əhədulla Muxtar oğlu Qənbərov; 1937 – 23.5.1998) Astara rayonunun Kakalos kəndində anadan olub. Rus, özbək, qazax, türkmən şair və yazıçılarının əsərlərini Azərbaycan dilinə çevirib.

12 dekabr 1939 – Əməkdar incəsənət xadimi, kinorejissor Fikrət Balağa oğlu Əliyev (1939-2016) Bakıda anadan olub. “Baladadaşın ilk məhəbbəti”, “Qızıl uçurum”, “Yuxu”, “Axırıncı dayanacaq”, “Ölüm növbəsi” filmlərinə quruluş verib.

12 dekabr 2002 – Xalq şairi Cabir Novruz (Cabir Mirzəbəy oğlu Novruzov, 12.3.1933 – 2002) vəfat edib. Şeirlərinə populyar mahnılar (“Cavanlığım”, “Ey həyat, sən nə qəribəsən”, “Tələbəlik illəri” və s.) bəstələnib.

12 dekabr 2007 – Xalq yazıçısı Hüseyn Abbas oğlu Abbaszadə (22.11.1922 – 2007) vəfat edib. Əsərləri: “General”, “Burulğanlar”, “Ləpədöyəndə” və s.

 

13 dekabr 1929 – Şərqşünas alim, professor Saleh Əliyev (1929 – 21.11.2006) Gəncədə anadan olub. Rusiya EA-nın Şərqşünaslıq İnstitutunda çalışıb. Cənubi Azərbaycan tarixi üzrə tədqiqatların müəllifidir. Moskvada “Ocaq” Mədəniyyət Cəmiyyətinin rəhbəri olub.

13 dekabr 1937 – Əməkdar memar Abbas Abbas oğlu Ələsgərov (1937 – 18.2.2018) Bakıda doğulub. Azərbaycan Memarlar İttifaqının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri olub.

 

Dünya

 

10 dekabr 1821 – Rus şairi, yazıçı və publisist Nikolay Alekseyeviç Nekrasov (1821 - 8.1.1878) anadan olub. “Rusiyada kim yaxşı yaşayır”, “Rus qadınları”, “Şaxta, Qırmızıburun”, “Kəndli uşaqları” və s. poemaların müəllifidir.

10 dekabr 1890 – Başqırd şərqşünası və türkoloqu, filosof, ictimai-siyasi xadim Əhməd Zəki Validi Toğan (1890 – 28.7.1970, Türkiyə) anadan olub.

 

11 dekabr 1803 – Fransız bəstəkarı Hektor Berlioz (Louis-Hector Berlioz; 1803 – 8.3.1869) anadan olub. Əsərləri: “Fantastik simfoniya”, “Benvenuto”, “Çellini” operaları və s.

11 dekabr 1890 – Argentina müğənnisi, aktyor, tanqo rəqqası Karlos Qardel (Carlos Gardel; 1890-1935) anadan olub. Onun şərəfinə 11 dekabr bir sıra ölkələrdə “Beynəlxalq tanqo günü” kimi qeyd olunur.

11 dekabr 1913 – Fransız aktyoru, rəssam, heykəltəraş Jan Mare (Jan Alfred Villen-Mare; 1913 – 8.11.1998) anadan olub. “Bəyaz gecələr”, “Qraf Monte-Kristo”, “Parisin sirləri”, “Dəmir maska” və s. filmlərdə yaddaqalan rollar yaradıb.

11 dekabr 1918 – Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1970) laureatı Aleksandr İsayeviç Soljenitsın (1918 – 3.8.2008) anadan olub. 1945-1953-cü illərdə həbsdə, sonra Sibirdə sürgündə olub. 1973-cü ildə SSRİ-dən deportasiya olunub, ABŞ-da yaşayıb, 1994-də Rusiyaya qayıdıb. “Xərçəng korpusu”, “Birinci dairədə”, “Qırmızı təkər” və s. romanların müəllifidir.

11 dekabr 1930 – Fransız aktyoru, rejissor Jan-Lui Tretinian (Jean-Louis Trintignant; 1930 – 17.6.2022) anadan olub. Baş rolu oynadığı “Kişi və qadın” filmi (1966) iki dəfə “Oskar” alıb.

 

12 dekabr 1821 – Fransız yazıçısı Qustav Flober (Gustave Flaubert; 1821 – 8.5.1880) anadan olub. “Madam Bovari”, “Salambo”, “Hisslərin tərbiyəsi” və s. romanların müəllifidir.

12 dekabr 1863 – Norveç rəssamı Edvard Munk (Edvard Munch; 1863-1944) anadan olub.

12 dekabr 1915 – Amerikalı müğənni, aktyor Frenk Sinatra (Francis Albert Sinatra; 1915 – 14.5.1998) anadan olub.

12 dekabr 1928 – Qırğız yazıçısı Çingiz Aytmatov (1928 – 10.6.2008) anadan olub. “Cəmilə”, “Əlvida, Gülsarı!”, “Üz-üzə”, “Torpaq ana”, “Ağ gəmi”, “Əsrə bərabər gün”, “Edam kötüyü”, “Dağlar düşəndə” və s. əsərlərin müəllifidir.

 

13 dekabr 1720 – İtalyan dramaturqu, nağıl-pyeslərin müəllifi Karlo Qotsi (Carlo Gozzi; 1720-1806) anadan olub.

13 dekabr 1797 – Yəhudi əsilli alman şairi, yazıçı, ədəbiyyatşünas Henrix Heyne (Christian Johann Heinrich Heine; 1797 – 17.2.1856) anadan olub. Əsərləri: “Nəğmələr kitabı” (poeziya), ”Hars dağına səyahət” (nəsr) və s. Məşhur bəstəkarlar (F.Şubert, R.Şuman, P.Çaykovski) Heynenin şeirlərinə musiqi yazıb.

13 dekabr 1949 – Məşhur türk kinoaktyoru, yazar Tarık Akan (Tarık Tahsin Üregül; 1949 – 16.9.2016) anadan olub.

Hazırladı: V.Orxan