Bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində Ulu öndər Heydər Əliyevin vəfatının (12 dekabr) 19-cu ildönümü münasibətilə müxtəlif tədbirlər keçirilir, müdrik dövlət xadiminin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri yada salınır.

Masallı Regional Mədəniyyət İdarəsi (RMİ) Masallı Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda tədbir keçirilib. Ümummilli liderin müstəqil Azərbaycanın qurulması və dövlətc­̧ilik ənənələrinin qorunmasındakı xidmətlərindən söz açılıb. Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Dahi şəxsiyyət” mövzusunda tarix dərsi keçirilib. Dərsdə şəhid Əfqan Mirzəyev adına Qızılavar kənd tam orta məktəbinin şagirdləri iştirak ediblər.

***

Şəki RMİ Zaqatala Rayon Heydər Əliyev Mərkəzi və İsmayıl Səmədov adına şəhər 5 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Tarixdə iz qoyan dahi şəxsiyyət” adlı tədbir keçirilib. Çıxış edənlər həyatını Vətəninə həsr edən böyük şəxsiyyətin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıblar. Şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər.

***

Ağcabədi RMİ Ağcabədi Rayon Heydər Əliyev Mərkəzində “Tarixlərə sığmayan ömür” adlı sərgi açılıb. Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən, eləcə də dahi şəxsiyyətin fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatındakı hadisələri əks etdirən kitab və jurnallardan ibarət sərgi dekabrın sonunadək davam edəcək.

***

Gəncə RMİ Gəncə şəhər MKS-nin 16 nömrəli kitabxana filialında “Heydər Əliyevin ideyaları Azərbaycan xalqını Zəfərə qovuşdurdu” mövzusunda tədbir keçirilib. Ulu öndərə həsr olunmuş “Qüdrətli dövlət quruculuğunun banisi” adlı sərgi nümayiş etdirilib.

***

Ağstafa RMİ Qazax Rayon Heydər Əliyev Mərkəzi və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev – Azərbaycan mədəniyyətinin hamisi” mövzusunda tədbir keçirilib. Çıxış edənlər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin keçdiyi inkişaf yolundan, mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıblar. Sonra tədbir iştirakçıları “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” filmini izləyiblər.

Nurəddin Məmmədli