Xəbər verdiyimiz kimi, dekabrın 8-də Bakıda “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfrans öncəsi, dekabrın 7-də ICOMOS (UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Komissiya) rəhbərliyinin də daxil olduğu nümayəndə heyəti Ağdam və Füzuli rayonlarında olub.

Qonaqlar ilk olaraq işğaldan azad edilmiş Ağdam şəhərinə gəliblər. Onlara Ermənistan silahlı qüvvələrinin otuz ilə yaxın işğal zamanı burada törətdiyi vəhşiliklər, eləcə də Ağdam şəhəri işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri barədə məlumat verilib.

Ağdamda işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni abidələrə, o cümlədən İmarət kompleksinə, Ağdam Cümə məscidinə, Dram teatrı binasının qalıqlarına və yerlə-yeksan edilmiş Şəhidlər xiyabanına baxış keçirilib. Ağdamda qəbiristanlıqlar da erməni vandalizminə məruz qalıb. Qonaqlara Ağdamın tarixi, onun vaxtilə Azərbaycanın ən abad şəhərlərindən biri olması barədə məlumat verilib.

Nümayəndə heyəti sonra Füzuli rayonuna yola düşüb. Qaraxanbəyli kəndinə gələn qonaqlara məlumat verilib ki, erməni vandalizmi nəticəsində kənd və buradakı məzarlıq məhv edilib. Erməni barbarlığına şahid olan qonaqlar burada aparılan minatəmizləmə işləri barədə də məlumatlandırılıblar.

Qonaqlar Merdinli kəndində də erməni barbarlığı ilə tanış olublar. Kənddə bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Bildirilib ki, düşmən Merdinli kəndindəki məsciddən mal-qara tövləsi kimi istifadə etməklə azərbaycanlılara qarşı öz nifrətini nümayiş etdirib.

Daha sonra Füzuli şəhərinin mərkəzinə gələn qonaqlara ermənilərin işğal zamanı burada törətdikləri vəhşiliklər barədə məlumat verilib. Heyət Füzuli Beynəlxalq Hava Limanı ilə də tanış olub. Məlumat verilib ki, azad edilən torpaqlarda Azərbaycan dövləti tərəfindən irimiqyaslı layihələr həyata keçirilir. Belə layihələrdən biri də Füzuli, Zəngilan və Laçın hava limanlarının inşasıdır. 2021-ci ildə Füzuli və bu il isə Zəngilan hava limanları istifadəyə verilib.

Səfərdə ICOMOS-un vitse-prezidenti Zeynəb Gül Ünal, təşkilatın Suriya və İraqda mədəni irs üzrə işçi qrupunun sədri Samir Abdulac və Pakistan Milli Komitəsinin prezidenti Fauzia Husain Qureshi olmaqla – ümumilikdə 10 xarici ölkədən 20-yə yaxın ekspert iştirak edib.

Nümayəndə heyətini Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov, UNESCO üzrə Milli Komissiyanın, ICOMOS və ICOM-un Azərbaycan milli komitələrinin, ADA Universitetinin nümayəndələri müşayiət ediblər.