Dekabrın 14-də Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) böyük səhnəsində Lənkəran Dövlət Dram Teatrı Xalq yazıçısı Kamal Abdullanın “Casus” pyesi əsasında hazırlanmış tamaşanı təqdim edəcək.

Rejissor Anar Babalının quruluş verdiyi tamaşa ATXİ-nin 125 illiyinə həsr olunmuş “Milli klassika” teatr festivalı çərçivəsində müsabiqədənkənar oynanılacaq.

Əsərdə Dədə Qorqud obrazı hadisələrin axarını istiqamətləndirir. O, Oğuz tayfaları arasında casusluq edənin kim olduğunu Qazan xana söyləyir. Həmçinin Boğazca Fatmanı da məsələdən xəbərdar edən özü olur. Dədə Qorqud Oğuzun təəssübkeşi kimi çıxış edir. Məhz bu səbəbdən casusun kim olduğunu söyləsə də, o biri yandan da məsələyə insani mövqedən yanaşır, Boğazca Fatmanı onun casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edir, ona ölümdən xilas yolunu göstərir.

Oğuz elinin bilicisi niyə onun elinə xəyanət edən bir casusu qoruyur? Bu sualların cavabı səhnə əsərində məlum olur.