Ağstafa Rayon Heydər Əliyev Mərkəzində “Tarix-mədəniyyət abidələrinin qorunması, tədqiqi və təbliğində müasir yanaşmalar” mövzusunda elmi-praktik konfrans keçirilib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən təşkil olunan konfrans qoruğun yaradılmasının 15 illiyinə həsr olunub. Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin rayon Heydər Əliyev Mərkəzinin önündə ucaldılmış abidəsini ziyarət edib, mərkəzdə dahi siyasətçinin həyat və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlarla tanış olublar. Qoruq ərazisində arxeoloji qazıntılar zamanı aşkarlanmış artefaktlardan ibarət sərgiyə də baxış keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov konfransı açıq elan edib. Sonra icra başçısının müavini Lalə Eyyubova, Dövlət Xidməti Mədəni irsin qorunması şöbəsinin müdiri Ruslan Ənvərli, Gəncə Regional Destinasiya Menecmenti Təşkilatının direktor müavini Fariz Qarayev, Dövlət Xidməti Gəncə Regional İdarəsinin rəisi Həsən Mirzəyev, Bakı Dövlət Universitetinin dosenti İmaş Hacıyev, “Avey” qoruğunun direktoru Səadət Əliyeva və başqalarının məruzələri dinlənilib.

“Keşikçidağ” qoruğunun direktoru Musa Mursaquliyev qurumun 15 illik fəaliyyətinə nəzər salıb, həyata keçirilən layihələrdən bəhs edib.

Daha sonra konfrans iştirakçıları Damcılı mağara düşərgəsinə səfər edib, burada yaponiyalı və azərbaycanlı arxeoloqların birgə apardığı qazıntı ərazisi və aşkar edilmiş eksponatların sərgisi ilə tanış olublar. İştirakçılar həmçinin burada “Hərəyə bir ağac əkək” adlı ağacəkmə aksiyasında da iştirak ediblər.

Sonda qoruğun Damcılı filialındakı abidələrə ekskursiya təşkil olunub, tarix yadigarları haqqında qonaqlara məlumat verilib, onların sualları cavablandırılıb.

N.Məmmədli