Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Azərbaycanın görkəmli balet ustası, Xalq artisti, Dövlət mükafatı laureatı Tamilla Şirəliyevanın anadan olmasının 76-cı ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadə, prorektorlar, kafedra müdirləri, müəllim-tələbə heyəti iştirak edib.

Tədbiri açıq elan edən BXA-nın orta ixtisas təhsili pilləsinin direktoru, rəqqas-xoreoqraf Tahir Eynullayev iştirakçıları salamlayıb və Tamilla Şirəliyevanın sənət yolu barədə ətraflı məlumat verib, onu xoreoqrafiya məktəbinin canlı əfsanəsi adlandırıb.

Nailə Məmmədzadə Tamilla Şirəliyevanı BXA-nın kollektivi adından təbrik edərək, ona ən xoş arzularını çatdırıb.

Tədbirdə görkəmli balet ustasının səhnə fəaliyyətini əks etdirən videoçarx da nümayiş etdirilib. Tamilla Şirəliyevanın iştirak etdiyi “Qaraca qız”, “Qız qalası”, “Məhəbbət əfsanəsi”, “Yeddi gözəl”, “Min bir gecə” və s. balet tamaşalarından görüntülər maraqla qarşılanıb.

Sonra Tamilla Şirəliyeva haqqında onun yetirmələri – Xalq artisti Təranə Muradova, Əməkdar artistlər Alsu Gimadiyeva, Rimma İsgəndərova və başqaları danışıblar. Qeyd olunub ki, Tamilla Şirəliyeva bütün həyatını Azərbaycan mədəniyyətinə həsr edib.

Sonda çıxış edən Tamilla Şirəliyeva tələbələrə xoreoqrafiya sənətinə dair tövsiyələrini verib.