Azərbaycan

 

17 dekabr 1905 – Xalq şairi Osman Sarıvəlli (Osman Abdulla oğlu Qurbanov; 1905 – 3.7.1990) Qazax rayonunun Sarıvəlli (İkinci Şıxlı) kəndində anadan olub. Şairin “Gətir, oğlum, gətir!” poeması XX əsr Azərbaycan poeziyasının ən gözəl nümunələrindəndir. Sözlərinə mahnılar yazılıb.

17 dekabr 1924 – Filologiya elmləri doktoru, mətbuat xadimi, Əməkdar jurnalist, professor Şirməmməd Ağaməmməd oğlu Hüseynov (1924 – 24.6.2019) Şəkidə doğulub. Mətbuat tariximizin, Azərbaycan Xalq Cümhuriyyətinin, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli irsinin öyrənilməsi və təbliğində böyük xidmətləri var.

17 dekabr 1987 – Tanınmış rəngkar Fərhad İbrahim oğlu Hacıyev (29.8.1929 – 1987) vəfat edib. Azərbaycanda bərpa rəssamlığının əsasını qoyub.

17 dekabr 1993 – Xalq yazıçısı, dramaturq, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı Mirzə Əjdər oğlu İbrahimov (28.10.1911 – 1993) vəfat edib. “Gələcək gün”, “Böyük dayaq” romanları,  “Həyat”, “Kəndçi qızı” pyesləri və s. əsərlərin müəllifidir.

17 dekabr 1994 – Bakıda, Respublika Sarayında Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 85-ci ildönümünə həsr edilmiş təntənəli gecə keçirilib. Azərbaycan Dövlət İncəsənət Muzeyində rəssamın sərgisi açılıb. Prezident Heydər Əliyev yubiley tədbirlərində iştirak edib.  

17 dekabr 2018 – Prezident İlham Əliyev böyük dramaturq, şair, yazıçı Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 

18 dekabr 1928 – Tanınmış xanəndə Qulu Rüstəm oğlu Əsgərov (1928 – 11.6.1987) Salyan rayonunda doğulub. Muğam və xalq mahnılarının bənzərsiz ifaçısı olub, opera tamaşalarında Məcnun (Ü.Hacıbəyli – “Leyli və Məcnun”), Şah İsmayıl (M.Maqomayev – “Şah İsmayıl”) və s. rollarda çıxış edib.

18 dekabr 1930 – Tarix elmləri doktoru, professor Süleyman Sərdar oğlu Əliyarlı (1930 – 16.1.2014) Beyləqan rayonunun Şahsevən kəndində anadan olub. “Azərbaycan tarixi üzrə qaynaqlar”, “Azərbaycan türklərinin etnogenezi” və s. əsərlərin müəllifidir.

18 dekabr 1934 – Şair, dramaturq, publisist Teyyub Qurban (Teyyub Yarməmməd oğlu Qurbanov; 1934-2018) anadan olub.

18 dekabr 1954 – Tanınmış teatrşünas, rejissor Şaiq Cabir oğlu Səfərov (1954 – 27.1.2022) Bakıda anadan olub. Müxtəlif teatrlarda çalışıb, Azərbaycanda beynəlxalq teatr tədbirlərinin təşkilində yaxından iştirak edib, xaricdə teatr forumlarında ölkəmizi təmsil edib. 

18 dekabr 1957 – Yazıçı, dramaturq, şair, Əməkdar incəsənət xadimi Əyyub Cəbrayıl oğlu Abbasov (1905-1957) vəfat edib. Zəngəzur qəzasının Şəki kəndində doğulub. “Zəngəzur” romanı, “Şəfəq”, “Bahar nəğməsi” və s. pyeslərin müəllifidir. Bakı Teatr Məktəbinin direktoru olub.

18 dekabr 1980 – Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi yaradılmasının 60 illiyi ilə əlaqədar Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

18 dekabr 2000 – Prezident Heydər Əliyev 1898-ci ildə Bakıda çəkilmiş kinosüjetlərin ilk kütləvi nümayişinin keçirildiyi tarixin – 2 avqustun kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü elan edilməsi barədə sərəncam imzalayıb.

18 dekabr 2006 – Prezident İlham Əliyev Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

 

19 dekabr 1921 – Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatı laureatı Mikayıl Hüseyn oğlu Abdullayev (1921 – 21.8.2002) Bakıda anadan olub. “Çəltikçi qızlar”, “İmadəddin Nəsimi” və s. məşhur əsərlərin, “Dədə Qorqud” dastanı, M.Füzulinin “Leyli və Məcnun” poemasının nəşrlərinə illüstrasiyaların, “Nizami” metro stansiyasının bədii tərtibatının müəllifidir. “Hindistan” silsiləsinə görə Cəvahirləl Nehru mükafatına layiq görülüb.

19 dekabr 1947 – Əməkdar incəsənət xadimi, rejissor, dramaturq Rəhman Balarza oğlu Əlizadə (1947 – 16.3.2013) Bakıda doğulub. Gənclər Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında baş rejissor işləyib. 20-dən çox pyesin müəllifidir.

19 dekabr 1950 – Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova (1950 – 17.11.2006) anadan olub. Gənc Tamaşaçılar Teatrında çıxış edib. Kinoda, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

19 dekabr 2007 – Prezident İlham Əliyev böyük bəstəkar, pedaqoq Qara Qarayevin anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

19 dekabr 2007 – Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunda Atəşgah məbədi ərazisinin “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisinin “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu, Ağstafa rayonu ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilməsi haqqında sərəncamlar imzalayıb.

 

20 dekabr 1905 – Ədəbiyyatşünas Atababa Daşdəmir oğlu Musaxanlı (1905 – 14.8.1941) Bakıda doğulub. “Kitabi-Dədə Qorqud”un ilk tədqiqatçılarından biridir. Repressiya qurbanı olub.

20 dekabr 1925 – İlk azərbaycanlı qadın fəlsəfə elmləri doktoru, professor Şükufə Şamil qızı Mirzəyeva (1925 – 9.10.1980) Ağdam rayonunun Gülablı kəndində doğulub. Estetika tarixi və nəzəriyyəsinə dair tədqiqatların müəllifidir.

20 dekabr 1939 – Teatrşünas, sənətşünaslıq namizədi Məmmədşah Qədim oğlu Atayev (1939-2011) anadan olub. Akademik Milli Dram Teatrında truppa müdiri işləyib.

20 dekabr 2014 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə (21.2.1921 – 2014) vəfat edib. “Natəvanın portreti”, “Hüseyn Cavidin aləmi” triptixi və s. tabloların müəllifidir.

20 dekabr 2021 – Əməkdar artist Elşən Şıxəli oğlu Şirəliyev (2.10.1962 – 2021) vəfat edib. Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olub.

 

Dünya

 

17 dekabr 1830 – Fransız yazıçısı Jül de Qonkur (Jules de Goncourt; 1830 – 20.6.1870) anadan olub. Yazıçı Edmon de Qonkurun (1822-1896) kiçik qardaşıdır. Fransanın ən nüfuzlu ədəbi təltifi olan Qonkur mükafatı onların şərəfinə təsis edilib.

17 dekabr 1893 – Alman teatr rejissoru və nəzəriyyəçisi Ervin Piksator (Erwin Piscator; 1893-1966) anadan olub.

 

18 dekabr 1921 – SSRİ Xalq artisti, aktyor, sirk ustası Yuri Vladimiroviç Nikulin (1921 – 21.8.1997) anadan olub. Çəkildiyi filmlər: “Qafqaz əsiri”, “Brilyant əl”, “Qoca quldurlar”, “Müqəvva” və s. Moskva Sirkinə rəhbərlik edib.

 

19 dekabr 1864 – Alman bəstəkarı Adolf Zanberger (Adolf Sandberger; 1864-1943) anadan olub.

19 dekabr 1915 – Fransız müğənnisi və aktrisası Edit Piaf (Edith Piaf – Edith Giovanna Gassion; 1915 – 10.10.1963) anadan olub.

 

20 dekabr 1873 – Türk şairi Mehmet Akif Ersoy (1873 – 27.12.1936) İstanbulda doğulub. Türkiyə Cümhuriyyətinin Dövlət Himninin (“İstiqlal marşı”), “Çanakkala şəhidlərinə” poetik dastanı, “Haqqın səsləri” şeirlər toplusu və s. əsərlərin müəllifidir.

20 dekabr 1915 – Türk yazıçısı Əziz Nesin (Mehmet Nusret Nesin; 1915 – 6.7.1995) anadan olub. Kitabları bir çox xarici dillərə çevrilib, o cümlədən hələ sovet dövründə Azərbaycanda (“Futbol kralı”, “Taxtalıköydən məktublar” və s.) çap olunub.

Hazırladı: V.Orxan