Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir təşkil olunub.

Əvvəlcə məktəbin müəllimi musiqişünas Pərvin Səfərlinin Ümummilli liderin həyatı, müasir Azərbaycanın qurucusu kimi gördüyü işlərlə bağlı hazırladığı videoslayd təqdim olunub.

Daha sonra təqdim edilən musiqi proqramında Z.Bağırovun “Prelüd”, F.Əmirovun “Prelüd”, T.Quliyevin “Lirik mahnı”, M.Maqomayevin “Azərbaycan” və digər əsərlər, şagird və müəllimlərdən ibarət kamera ansamblının (bədii rəhbər Nigar Cavadova) ifasında F.Bədəlbəylinin “Ave Mariya” əsəri səslənilib.

Anım mərasimində məktəbin direktoru Əməkdar artist Əziz Qarayusifli Ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətləri, mədəniyyətimizə diqqət və qayğısı haqqında danışıb.

Heydər Əliyevin çıxışları və müxtəlif vaxtlarda verdiyi müsahibələr əsasında hazırlanmış videomateriallar nümayiş olunub.