Hüseyn Cavidin Ev-Muzeyinin yeni nəşri – “Hüseyn Cavid: biblioqrafik göstərici” adlı kitab çapdan çıxıb. Hüseyn Cavidin (1882-1941) anadan olmasının 140 illiyi münasibətilə hazırlanan biblioqrafik göstərici böyük şair və dramaturqun həyat və yaradıcılığının əsas tarixlərinin xronologiyası verilib, çap olunmuş əsərləri, haqqında kitablar, dövri mətbuatda dərc edilmiş məqalələr təsnif edilib.

Kitabda ədibin müxtəlif illərdə yazdığı məktubları, səhnəyə qoyulmuş əsərlərinin afişa və proqramlarının biblioqrafik təsvirinə də yer ayrılıb. Göstəricinin köməkçi informasiya bölümündə ədibin əsərlərinin sərlövhələrinin, biblioqrafiyada adı keçən müəlliflərin soyadlarının əlifba göstəricisi tərtib edilib.

Kitabın redaktoru Hüseyn Cavidin Ev-Muzeyinin baş direktoru Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı, tərtibçi-müəllifi həmin muzeyin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Validə Həsənovadır.

Biblioqrafik göstərici 2005-ci ildə muzey tərəfindən tərtib edilmiş biblioqrafik  nəşrin davamı olaraq hazırlanıb. Mənbə 2022-ci ilə qədər çap edilmiş əsərləri özündə ehtiva edir.