Kürdəmir Regional Mədəniyyət İdarəsi (RMİ) Kürdəmir Rayon Mərkəzi Kitabxanasında “Salam, Şuşa” adlı oxucu konfransı keçirilib. Kitabxananın oxucuları Şuşaya və Ulu öndər Heydər Əliyevə həsr edilmiş şeirlər səsləndiriblər. Sonda kitabxananın təşkil etdiyi tədbirlərdə fəal iştirak edən oxucular fəxri fərmanla təltif edilib.

Beyləqan Rayon Mədəniyyət Mərkəzində “Şuşa İli” çərçivəsində Xalq yazıçısı İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” tamaşası təqdim edilib. Tamaşa Mədəniyyət Mərkəzinin “Gənclik” Xalq teatrı tərəfindən səhnələşdirilib.

Kürdəmir RMİ-nin rəisi Faiq Xudanlı və Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədovanın da iştirak etdiyi tədbirdə çıxış edənlər Azərbaycanın dilbər guşəsi Qarabağın və Şuşanın işğaldan azad olunmasının tarixi əhəmiyyətindən və azad edilmiş ərazilərdə quruculuq və bərpa işləri, habelə Şuşada keçirilən çoxsaylı mədəni tədbirlərdən söz açıblar.

RMİ-nin İmişli Rayon Heydər Əliyev Mərkəzində “Qarabağın incisi, əziz Şuşa” adlı tədbir keçirilib. Tədbirdə mədəniyyət və incəsənət ustalarının ifalarında vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səsləndirilib, Şuşa haqqında videoçarxlar nümayiş olunub.

***

Ağstafa RMİ Ağstafa Rayon Mərkəzi Kitabxanası, rayon Tarix-Diyarşünaslıq Muzeyi, şəhər 1 saylı Folklor klubu və Hüseyn Arifin Ev-Muzeyinin birgə təşkilatçılığı ilə “2022-ci il – Şuşa İli” adlı tədbir keçirilib. Rayonun mədəniyyət işçilərinin mövzu ətrafında çıxışları dinlənilib, məktəblilərin ifasında şeirlər səsləndirilib.

Qazax şəhər 2 nömrəli Uşaq musiqi məktəbində “Musiqi beşiyimiz – Şuşa” adlı tədbir təşkil olunub. Məktəbin direktoru Ramil Qurbanov çıxış edərək Şuşanın Azərbaycan mədəniyyətinə bəxş etdiyi görkəmli ifaçılar və bəstəkarlar haqqında məlumat verib.

Qazax Tarix-Diyarşünaslıq Muzeyində “Şuşa Azərbaycanın qazandığı Qələbənin rəmzidir!” adlı tədbir keçirilib. Tədbirdə “Şuşa İli” ilə bağlı stend nümayiş etdirilib.

Tovuz Dövlət Rəsm Qalereyasında isə “Mədəniyyət paytaxtımız uşaqların gözü ilə” adlı rəsm sərgisi təşkil edilib. Sərgidə dərnək üzvlərinin mövzu ilə bağlı əl işləri nümayiş olunub.

***

Gəncə RMİ Samux rayon MKS-nin Oxuculara xidmət şöbəsinin təşəbbüsü ilə “Şuşa xalçası” adlı tədbir keçirilib. Çıxışlarda qeyd edilib ki, Şuşa şəhəri tarixən Qarabağın əsas xalçaçılıq mərkəzlərindən olub. Burada xalça toxuculuğu XIX əsrdən yüksək inkişaf dövrünü yaşayıb. Şuşada toxunan xalçalar xarici ölkələrə də ixrac olunub. Xalça tacirlərinin xüsusi marağına səbəb olan bu nümunələr rəng həllinə və kompozisiya quruluşuna görə fərqlənib. Sonda “Şuşa xalçaları” adlı sənədli film nümayiş olunub.

Nurəddin Məmmədli